Ağsuda Bilik Evi açılıb
İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yeni dünyanın tələblərinə uyğun formalaşması istiqamətində maariflənməsinə ehtiyac var. Bu səbəbdən rayonda Bilik Evinin fəaliyyəti məqsədəuyğundur və yerli rəsmi qurumlar maarifləndirici layihələrin icrasında Fonda dəstək olmağa hazırdırlar.
Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində həyata keçirdiyi layihələrdən danışaraq, Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Hazırda Nardaran, İsmayıllı, Oğuz, Qax, Ağdaş, Şəmkir, Astara Bilik evlərinin, Qarabağ və Ağstafa Regional Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor növbəti maarif ocağının Ağsuda açılmasından məmnun olduğunu bildirib.
Açılış mərasimindən sonra Fondun icraçı direktoru yerli ictimaiyyət nümayəndələri ilə görüşüb, rəsmi qurumların təmsilçiləri, təhsil işçiləri, jurnalistlər fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edib.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbiri açaraq, gələcəyin məhz bilikli insanlar tərəfindən qurulacağını, maarifçilərin bu yolda sərf etdikləri əməyin mütləq bəhrə verəcəyinə inandığını bildirib.
Ağsu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə çıxışında Fondla gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
Göstərilən diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən Fondun icraçı direktoru Oktay Səmədov bilikli cəmiyyətin daim inkişafa meyilli olduğunu vurğulayıb, gənclərə sürətlə dəyişən dünyanın müasir çağırışlarına cavab verəcək səviyyədə hazırlıqlı olmağı tövsiyə edib.
İcraçı direktor 25-26 oktyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri xatırladıb. Bildirib ki, iqtisadi baxımdan dayanıqlı, siyasi mənada stabil, sosial təminatlı bir ölkədə neft kapitalının insan kapitalına çevrilməsi vacibdir və yeni yaradılan Bilik Evinin fəaliyyəti əsasən bu istiqamətdə qurulacaq.
Rayon ziyalılarını Bilik Evinə dəstək verməyə çağıran O.Səmədov ictimaiyyətin bütün təbəqələrinin birgə səyi nəticəsində böyük nəticələr əldə etməyin mümkünlüyündən danışıb.
Digər çıxış edənlər rayonda yeni maarifçilik ocağının fəaliyyətə başlamasını böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını vurğulayıb, yerli əhalinin Bilik Evi vasitəsilə maarifləndirilməsi işinə töhvə verməyə hazır olduqlarını qeyd ediblər.
Bilik Fondunun nümayəndələri rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evi ilə tanış olub, yeni məkana zəruri avadanlıqlar verib, Mərkəzə kitablar hədiyyə ediblər.
Bilik Evində kitabxana fondunun yaradılması, elmi biliklərin müxtəlif sahələri üzrə mühazirələrin təşkili, tələbata uyğun təlim kursları və dərnəklərin açılması barədə ilkin fikir mübadiləsi aparılıb.
Azvision.az