Kaşoqinin ölümündən öncə son sözləri: “Etməyin, astma xəstəsiyəm...”

Kaşoqinin ölümündən öncə son sözləri:  “Etməyin, astma xəstəsiyəm...”
  31 Oktyabr 2018    Oxunub:10290
Türkiyənin “Habertürk” qəzetinin yazarı Sevilay Yılman qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqinin son sözlərini qələmə alıb. Yazar Kaşoqi cinayəti ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspelə dinlədilən səs yazısına istinadən onun son sözlərinin “Etməyin, ağzımı bağlamayın” olduğunu yazıb.
"Bütün dünya, hər kəs, hamımız Səudiyyə Ərəbistanına “Cəsəd haradadır?” – deyə sual edirik. Məncə lazımsız suallardır. Bilirsiniz niyə? Çünki Səudiyyə Ərəbistanı əsla bu sualın cavabını verə bilməz. Verməyəcək də! Nə üçün? Çünki bir cəsəd yoxdur. Cəsəd yoxdursa, necə göstərəcəklər?"- jurnalist qeyd edib.

Səudiyyə barbarlığını dünyaya izah edə bilmir

S.Yılmanın sözlərinə görə, adamı sadəcə öldürməyiblər. Cəsədi parçalara ayırıb, müxtəlif kimyəvi maddələrlə yox ediblər. Yəni peşəkarcasına "buxarlaşdırıblar". Bu vəşhiliklərinin, barbarlıqlarının izahını verə bilmədiklərinə görə, suallara da cavab verməyəcəklər.

"Məlum olduğu kimi Səudiyyə Ərəbistanı əvvəlcə Kaşoqinin ölümündə əllərinin olmadığını, hətta vətəndaşlarının itkin düşməsindən narahat olduqlarını açıqladı. Türkiyə bu cinayəti onların öz adamlarının törətdiyini anban isbat edən səs yazısı olduğunu açıqladı. Çarəsiz qaldıqlarını gördüklərindən etiraf etmək məcburiyyətində qaldılar".



Əvvəlcə ABŞ dövlət katibi Mayk Pompeoya, sonra Səudiyyə Ərəbistanının bir nömrəli kəşfiyyatçısına, nəhayət, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspelə dinlədilən səs yazısında nə var?

Jurnalist suala cavab tapmağa çalışıb: "Şəxsən həmin səs yazısını dinləyən mənbələrimdən aldığım bir neçə qan dondurucu məlumatı paylaşıram. Kaşoqi konsul Məhəmməd Uteybinin kabinetində, otağa daxil olan kimi boğularaq öldürülüb. Sonra cəsədi hissələrə ayrılıb".

Konsulun otağında necə öldürülüb?

"Görüntü olmadan yalnız səs yazısı ilə Kaşoqinin plastik torba ilə boğularaq öldürüldüyü necə məlum oldu? Əlbəttə, səs yazısındakı şəxslərin danışıqlarından. Otaqdakılardan biri qəfil Kaşoqinin ağzını əli ilə bağlayır. Bu zaman jurnalist “Etməyin, Ağzımı bağlamayın, çünki astma xəstəsiyəm” – deyə qışqırıb.

Sonra qışqırıq səsləri bir qədər kəsilib. Amma mərhun müqavimət göstərməyə davam edib. Bu zaman otaqdakılardan biri bərkdən deyir: “Möhkəm sıx! Paketi möhkəm sıx!”



Kaşoqi 7 dəqiqəyə boğulub

Jurnalist boğulmamaq üçün 7 dəqiqə müqavimət göstərib. Sonra cansız bədənini yerə uzadıblar. Bu zaman Səudiyyə Ərəbistanının Tibbi Ekspertiza idarəsinin rəisi Məhəmməd Əl Tubaigi deyib: “Xeyli uzun imiş bu. Amma problem deyil. Öhdəsindən gələrəm”.

Sonra özü ilə gətirdiyi və hələ də məlum olmayan alətlə cəsədi hissələrə ayırmağa başlayıb. Bu zaman otaqdakılar ona musiqi dinləməyi tövsiyə ediblər. Təxminən 20 dəqiqə davam edən parçalama prosesi sona çatdıqdan sonra cəsəd 5 ədəd olduğu ehtimal edilən çantalara yığılıb. Ardından konsulun iqamətgahına aparılıb. Bundan sonrası baş verənlər bəlli deyil.

"Səudiyyə bizə bəlkə cəsəd göstərməyəcək. Amma yüksək tonla sual etməyə davam etsək, ən azından adamı necə boğduqlarını, hissələrə bölərək “buxarlaşdırdıqlarını” etiraf etdirə bilərik", - jurnalist rezonans doğuran yazısında qeyd edib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Səudiyyə   Kaşoqqi   Kaşıkçı  





Xəbər lenti