Səudiyyə jurnalistin qətlini Türkiyənin üstünə atmaq istəyir

 Səudiyyə jurnalistin qətlini Türkiyənin üstünə atmaq istəyir
  31 Oktyabr 2018    Oxunub:2483
Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib jurnalist Camal Kaşoqinin qətli üzrə əsas suallardan yayınır və dəhşətli cinayətə dair Ər-Riyadın əlində olan informasiyanı bölüşmür.

Azvision.az xəbər verir ki, bu barədə Kaşoqinin qətli ilə əlaqədar aparılan istintaqın gedişindən məlumatlı olan türkiyəli jurnalist, “Hurriyet” qəzetinin əməkdaşı Əbdülqədir Selvi yazıb.
Kaşoqinin qətlinin araşdırmaq üçün əl-Muacib Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna baxış keçirib, Türkiyənin baş prokuroru İrfan Fidanla görüşüb və Milli Kəşfiyyat Təşkilatının İstanbuldakı binasına baş çəkib. Lakin Selvi bildirir ki, bu cür yüksək səviyyəli və önəmli təmaslara baxmayaraq, Səudiyyənin baş prokurorunun Türkiyədəki istintaqa heç bir faydası dəymir.

Məsələ ondadır ki, bundan əvvəl əl-Muacib Kaşoqinin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını bəyan etsə də, “qətli kim planlaşdırıb?”, “sifarişçilər kimdir?” suallarına cavab vermir. O həm də “jurnalistin qətlində iştirak edən yerli şəxs kimdir?”, “Kaşoqinin cəsədi haradadır?” suallarından da yayınır.

Selvi qeyd edir ki, Türkiyədə hansısa yerli vətəndaşın Kaşoqinin öldürülməsinə kömək etdiyini və hətta cəsədin “itirilməsində” həmin adamın böyük rol oynadığını rəsmi Ər-Riyadın özü bəyan edib. Bu barədə məlumatlar və bütün detallar Səudiyyədə həbs olunan 18 nəfərin dindirilməsi üzrə protokollarda əks olunub. Ankara həmin protokollara giriş istəsə də, əl-Muacib imtina edir. O, hətta Səudiyyə konsulluğunun Türkiyə polisi tərəfindən şahid qismində dindirilən əməkdaşlarının ifadələrinə baxmağı tələb edib.

Həmçinin, Səudiyyə Ərəbistanının baş prokuroru Kaşoqinin konsulluğa girməzdən əvvəl nişanlısına verdiyi telefondan əldə olunan səs yazısı və digər məlumatların da ona verilməsini israrla tələb edib. əl-Muacibin bu cür davranışları və Türkiyə rəsmilərilə danışıq tonu yaxşı qarşılanmayıb və Ankaranın Ər-Riyada qarşı şübhələrini artırıb. Səudiyyənin baş prokurorunun belə rəftarı onun qətlin araşdırılması əvəzinə, vəliəhd şahzadənin xilası naminə cinayət işini tez bir zamanda bağlamaq istəyi kimi qiymətləndirilib.

Selvi xüsusilə vurğulayıb ki, əgər yaxın zamanda Səudiyyə prokurorluğu Kaşoqinin qətlində iştirak edən yerli şəxsin konsulluğun türkiyəli əməkdaşı olduğunu bəyan edərsə, buna təəccüblənməzlər. Məqsəd isə məsuliyyəti həm də rəsmi Ankaranın üzərinə atmaqdır.

Həmçinin qeyd olunub ki, Kaşoqinin cəsədinin qalıqlarının harada gizlədildiyindən Səudiyyənin İstanbuldakı konsulu İbrahim əl-Uteybinin xəbəri ola bilər. Amma təəssüf ki, qətldən dərhal sonra konsul Türkiyədən birdəfəlik qaçıb.

Qeyd edək ki, Böyük Britaniya kəşfiyyatı Kaşoqi ilə bağlı planlaşdırılan ssenari barədə qətldən 3 həftə əvvəldən xəbərdar olduğunu bildirib. Britaniya kəşfiyyatı həmçinin, jurnalistin öldürülmə səbəbini də üzə çıxarıb: Kaşoqi Ər-Riyadın Yəməndə kimyəvi silah tətbiq etdiyini sübut edəcək sənədlər əldə edəcəkdi və bununla bağlı araşdırma aparmağa hazırlaşırdı. Lakin Səudiyyə rəsmiləri Britaniya kəşfiyyatından yayılan bu məlumatlara münasibət bildirməyib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti