Makron Avropada yeni siyasi qruplaşma yaradır

Makron Avropada yeni siyasi qruplaşma yaradır
  31 Oktyabr 2018    Oxunub:2677
Avropanın parçalanmaqda olan siyasi mənzərəsindən istifadə etməyə çalışan Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) Parlamentinə keçiriləcək növbəti seçkilərdə Brüsselin ənənəvi solçu-sağçı ikili ittifaqını ayırmaq niyyətindədir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Makronun “İrəli, Respublika!” partiyasının üzvü və başlıca strateqlərindən biri, Fransa prezidentinin Aİ kampaniyasının yeni təyin olunan rəhbəri Stefan Sejuğne mətbuata verdiyi ilk müsahibəsində deyib.

“Biz Avropadakı siyasi qeyri-sabitliyi hansısa məhdudiyyət olaraq yox, daha çox fürsət kimi görürük. Mən İspaniyadakı Sosialistlər, Vətəndaş partiyaları ilə, Almaniyadakı “Yaşıllar”la danışmaq, eyni zamanda Xristian Demokratlar Partiyası və Sosial Demokratlar Partiyası ilə fikir mübadiləsi aparmaq istəyirəm”, – deyə Sejuğne bildirib.

Qeyd olunub ki, Avropadakı son milli və regional seçkilər avropalıların ənənəvi mərkəz-sağçı və solçu demokratlardan üz çevirərək daha çox ultra-sağçı və ətraf-mühitin mühafizəsini tələb edən partiyalara simpatiya bəslədiyini üzə çıxardığından, Makron “çıxdaş olunan” həmin qruplardan müəyyən qüvvələri bir yerə toplayaraq Fransada etdiyi kimi Avropa Parlamentində də yeni siyasi qrup yaratmaq istəyir. Çünki Avropadakı seçkiləri anti-miqrant millətçilərlə Aİ-da inteqrasiya trəfdarlarının döyüş meydanı hesab edən Makron İttifaqın güclənməsi üçün “oxşar düşüncəli” tərəfləri bir araya gətirməyi planlaşdırır. Və bunun üçün Fransa prezidenti artıq öz emissarlarını da danışıqlar aparmağa yollayıb.

Makronu bu məqsədinə nail olacağına əmin edən isə Almaniya, Belçika və Lüksemburqda “Yaşıllar”ın mövqelərini gücləndirməsidir. Fransa prezidenti inanır ki, özünün iqlim dəyişikliyi ilə bağlı siyasəti “Yaşıllar”ı əməkdaşlığa sövq etməyə imkan verəcək.

Qeyd edək ki, 1979-cu ildən etibarən hər 5 ildən bir Avropa Parlamentinə keçirilən seçkilərdə indiyədək parlamentdəki siyasi qüvvələr balansında ciddi dəyişiklik olmayıb. Lakin son bir neçə ildəki milli seçkilər və aparılan sorğular göstərir ki, 2019-cu ilin mayında keçiriləcək ümumi seçkilərdə Avropanın radikal sağçılarının İttifaq parlamenti səviyyəsində önəmli mandata sahiblənə bilərlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Fransa   Almaniya   Avropaİttifaqı  





Xəbər lenti