Ermənistan parlamenti buraxıldı

 Ermənistan parlamenti buraxıldı
  01 Noyabr 2018    Oxunub:2745
Ermənistan parlamenti bu gün keçirdiyi iclasda artıq ikinci dəfə ölkənin baş nazirini seçməyib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, baş nazir postuna yeganə namizəd olan Nikol Paşinyanın lehinə, yaxud əleyhinə heç bir deputat səs verməyib. 13 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədilə baş nazir Nikol Paşinyan 16 oktyabrda istefa verib. Onun yenidən seçilməsi üçün 53 deputatın səsi lazımdır. Lakin Paşinyan parlamentdəki fraksiyalarla özünün seçilməməsi barədə razılaşdıqlarını və səsvermənin simvolik xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, bu yolla parlamentin buraxılmasına nail olacaqlar. Bu səbəbdən, oktyabrın 24-də keçirilən birinci səvermə də formal xarakter daşıyıb.

Ermənistan konstitusiyasına uyğun olaraq, iki dəfə keçirilən səsvermədə deputatlar baş naziri seçə bilmədiyindən parlament artıq buraxılmış hesab edilir. Paşinyan bildirib ki, növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Xatırladaq ki, hazırkı tərkibdə 105 mandatlıq Ermənistan parlamentində 50 yer sabiq prezident Serj Sarkisyanın Respublikaçılar partiyasına, 31 yer erməni biznesmen, milyonçu Qaqik Çarukyanın “Çarukyan” blokuna, 9 yer Paşinyanın “Çıxış” blokuna, 7 yer “Daşnaksütyun”a və 8 yer isə bitərəflərə məxsusdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   parlament  





Xəbər lenti