ABŞ İrana qarşı sanksiyaları yumşaldır - Yenilənib

ABŞ İrana qarşı sanksiyaları yumşaldır -  Yenilənib
  02 Noyabr 2018    Oxunub:4286
Gələn həftədən ABŞ-ın Tehrana qarşı enerji sanksiyalarının qüvvəyə minəcəyinə rəğmən, Avropa İttifaqının təzyiqi nəticəsində Vaşinqton 8 ölkənin İrandan neft almasına güzəşt edərək, onlara qarşı hansısa məhdudiyyət tətbiq etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, 8 ölkənin sırasında Çin və Hindistanla yanaşı, Vaşinqtonun Türkiyə, Cənubi Koreya və Yaponiya kimi müttəfiqləri də var.

Lakin ABŞ-dan güzəşt əldə edərək İrandan neft idxalını davam etdirmələrinə görə sanksiyaların təsirindən qurtulan dövlətlərin tam siyahısının rəsmən gələn bazar ertəsi açıqlanacağı bildirilir. Həmçinin, həmin 8 ölkə üçün İrandan nə qədər neft idxalına icazə verildiyi də bilinmir.

Bununla belə, Vaşinqtonun güzəşti müqabilində dünya neft bazarında qiymət artımının qarşısını almaq üçün 8 ölkənin ümumi neft idxalını azaltmaq barədə öhdəlik götürdükləri iddia olunur.

*****

ABŞ Avropadakı müttəfiqlərinin təzyiqi altında İrana qarşı sərt mövqeyini bir qədər yumşalda bilər ki, bu da Tehranın başlıca iqtisadi sanksiyalardan yaxa qurtarmasına imkan verəcək.

Azvision.az xəbər verir ki, bu barədə “Washington Free Beacon” qəzeti ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri İranın beynəlxalq banklararası elektron maliyyə hesablaşmaları və informasiya ötürücülük sistemi olan SWIFT-də qalmasına icazə verilməsi barədə qurumun rəhbəri Mayk Pompeonu inandıra biliblər. Həmçinin, Ağ Ev Çin, Cənubi Koreya, Hindistan və Türkiyə kimi bəzi dövlətlərin İrandan neft almasına imkan verəcək.

“Washington Free Beacon” yazır ki, sanksiyaların yumşaldılmasını İranla biznes əlaqələrindən imtina etmək istəməyən Avropa İttifaqı dövlətləri lobbiləşdirir. Lakin mənbələr onu da bildiirblər ki, ABŞ-ın İrana güzəştə getmək niyyəti İrana qarşı sərt mövqenin tərəfdarı olan konqressmenləri və administrasiya üzvlərini qəzəbləndirib.

Mənbələrin sözlərinə görə, yaxın günlərdə Vaşinqtonda İrana güzəştlərlə bağlı bir sıra müşavirələr keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ   sanksiya  





Xəbər lenti