Makedoniya hökuməti ölkənin adının dəyişdirilməsini təsdiqlədi

 Makedoniya hökuməti ölkənin adının dəyişdirilməsini təsdiqlədi
  02 Noyabr 2018    Oxunub:3756
Makedoniya hökuməti ölkənin adını “Şimali Makedoniya Respublikası”na dəyişməklə konstitusiyaya düzəliş edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Makedoniyanın baş naziri Zoran Zayev bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

“İlk düzəliş konstitusiyanın bütün maddələrində ölkənin adının “Makedoniya Respublikası”ndan “Şimali Makedoniya Respublikası”na dəyişdirilməsilə bağlıdır. Bu dəyişiklik yalnız tarixi aspekti ehtiva edən 36-cı maddədə tətbiq edilməyəcək” – Zayev bildirib.

Onun sözlərinə görə, söhbət beynəlxalq hüquq normalarına uyğun olaraq ümumilikdə 4 dəyişiklikdən gedir.

15 gün ərzində baxılması üçün konstitusiya mətnində dəyişikliklə bağlı layihə parlamentə təqdim olunmalıdır. Onun parlament tərəfindən təsdiqi üçün deputatların 2/3 səsçoxluğu lazımdır.

Xartırladaq ki, Makedoniyanın NATO və Avropa ittifaqına qoşulmasına Yunanıstan əngəl yaradır. Çünki Yunanıstanın ikinci ən böyük əhali və əraziyə malik əyalətinin adı da Makedoniyadır. Afina iddia edir ki, qonşu Makedoniya dövləti Yunanıstanın bu ərazisinin də daxil olduğu "Böyük Makedoniya" qurmaq niyyətindədir. Bu səbəbdən də Afina şimal qonşusundan ölkənin adını dəyişməyi tələb edir və Makedoniyanın adının dəyişdirilərək “Şimali Makedoniya Respublikası” adlandırılacağı təqdirdə Skopyenin həmin qurumlara üzvlüyünə “yaşıl işıq” yandıracağını deyib. Nəticədə iyunda iki ölkə arasındakı 27 illik mübahisədə razılıq əldə edilib və baş nazirlər səviyyəsində müqavilə imzalanıb. Lakin Makedoniya parlamenti sənədi ratifikasiya etsə də, ölkə prezidenti onu imzalamayıb.

Bu səbəbdən 30 sentyabrda ölkənin adının dəyişdirilməsilə bağlı məsləhət xarakterli referendum keçirilib. Lakin referendumda qeydiyyatda olan seçicilərin yalnız 36,91 faizi iştirak etdiyindən Makedoniyanın Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinin etibarsız olduğunu elan edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Makedoniya   Yunanıstan  





Xəbər lenti