Günahkar buludlardır? – TƏHLİL

Günahkar buludlardır? – TƏHLİL
  29 Oktyabr 2013    Oxunub:3568
Milli Şuranın mitinqinə az adamın gəlməsinin səbəbkarı yağış idimi?
Milli Şura sonuncu mitinqi ilə özünü çox pis vəziyyətə saldı. Özlərini müxalifətin “böyük liderləri” hesab edən Əli Kərimli və İsa Qəmbər tərəfdarları sosial şəbəkələrdə gecə-gündüz haray çəksələr də, yalvar-yaxar eləsələr də Milli Şuranın mitinqinə barmaqla sayılası qədər insan toplaya bildilər. Onlar da həmişəki kimi AXCP, Müsavat Partiyalarının işsiz-gücsüz üzvləri, müxaliflərin qohum-əqrəbaları, dost, tanışlarından idi.

Sonuncu mitinq müxlifətin çökdüyünü, “liderlərin” siyasi bazalarının tükəndiyini bütün çılpaqlığı ilə göstərirdi. Radikal elektoratın isə son ümidləri də bu mitinqlə dəfn edildi. Obrazlı desək, ölüm ayağında olan müxalifəti son mənzilə yola salmaq üçün nə dost gəldi, nə də tanış.

Niyə belə oldu? Ona görə ki, Milli Şuranın artıq nə mövqeyi, nə də missiyası bəllidir. Əlavə şərhə ehtiyac olmadan deyə bilərik ki, Milli Şura başsız sürü kimi nə etdiyini, nə edəcəyini bilmir. Ona görə də mitinqə az adam gəldyinə görə gah yağışı, gah da bir-birlərini ittiham edirlər. Amma yağışın günahı yoxdur – çünki Milli Şuranın siyasətini buludlar müəyyən etməyib. Günah öz yanlış siyasəti ilə Milli Şuranı məzmunsuz və mənasız qruma çevirən radikal müxalifət liderlərindədir.

“Milli Şuranın mitinqi də göstərdi ki, bu qüvvələr radikallıqdan əl çəkmək niyyətində deyillər, çıxışların əksər məğzi də buna yönəlmişdi. Mitinq radikalların illər keçdikcə sosial bazasının azaldığının bariz nümunəsi idi. Onların dövlətə meydan oxuması, heç nəyə baxmayaraq, öz siyasi istəklərini ortaya qoymaları radikalların hələ də sivil və demokratik dəyərlər çərçivəsində yaşamağa hazır olmamalarını göstərir”,- deyə Yeni Azərbaycan Partiyasının funksioneri Aydın Mirzəzadə Milli Şuranın mitinqini şərh edib.

Müxalifət özü də bu biabırçılığı etiraf edir. Milli Şuradan istefa verən Rəsul Quliyevin fikrincə, sonuncu mitinqdə müxalifət öz əlilə öz qəbrini qazdı. “Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox özləri kimi şüar deyənlər hazırlayırlar. Müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraitilə əlaqələndirəcəklər”,- deyə R.Quliyev bildirib.

Eks-spikerin sözlərinə görə, məğlubiyyət ayıb olmasa da, bunu etiraf etmək mədəniyyəti Milli Şurada yoxdur. Amma nahaq yerə. Çünki indiki anda bu, simasını qoruyub saxlamağın yeganə yoludur.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti