İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə mindi

  05 Noyabr 2018    Oxunub : 1625
 İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə mindi
Bu gündən etibarən Tehranı nüvə sazişinin hərtərəfli icrasında ittiham edən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi qüvvəyə minib.

Azvision.az xəbər verir ki, 8 mayda birtərəfli qaydada nüvə sazişindən çıxan Vaşinqtonun İrana qarşı yeni sanksiyaları enerji, maliyyə-bank və gəmi daşımaları sektorlarına şamil olunub.
ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyalarını ehtiva edən sənədin ikinci maddəsilə İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının alışına beynəlxalq məhdudiyyətlər qoyulub. Sanksiya siyahısına İranın Milli Neft Şirkəti və Milli Tanker Şirkəti də salınıb.

Sanksiyalar sənədinin 4-cü maddəsi isə xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı və "qara siyahı"da göstərilən digər özəl bankları ilə əməkdaşlığını, həmçinin, onlara maliyyə xidmətləri göstərilməsini qadağan edir.

ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, İrana qarşı ikinci sanksiyalar paketində 300-ü yeni olmaqla, ümumilikdə 700-dən çox fiziki və hüquqi şəxsin adı yer alıb.

Xatırladaq ki, ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini 7 avqustda bərpa edib. Həmin sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   ABŞ