Bakıda təhsil alan general KTMT-nin baş katibi ola bilər

  05 Noyabr 2018    Oxunub : 5334
Bakıda təhsil alan general KTMT-nin baş katibi ola bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belarus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur.
Azvision.az-ın məlumatına görə, “Kommersant” KTMT-nin üç ölkəsində diplomatik mənbələrə istinad edərək yazır ki, böyük ehtimalla növbəti üç il üçün yeni baş katib Belarus təmsilçisi olacaq.

Qeyd olunub ki, ona rotasiya prinsipi üzrə namizəd irəli sürmək hüququ keçə bilər: “Bu məsələdə son sözü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderləri deyəcək. Onlar noyabrın 8-də Astanada görüşəcəklər”,- deyə nəşr bildirib.



Bildirək ki, Stanislav Zas 1964-ci ildə Ukraynada Çerniqov vilayətində anadan olub. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1996-ci ildə Belarus Respublikasının Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirib. Hərbi elmlər namizədidir.



Belarus Respublikasının Silahlı qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin ordu quruculuğu şöbəsinin rəisi, Belarus Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin idarə rəisi və baş idarə rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2008-ci il avqustun 29-də Belarus Respublikası Prezidentinin fərmanı ilə Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini təyin edilib. 1 iyul 2015-ci ildən Prezidentin fərmanı İlə Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi vəzifəsini icra edib. 2016-cı ildə isə general-leytenant rütbəsi alıb.



Qeyd edək ki, Ermənistan tərəfinin təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: KTMT   Balarus