Belarus KTMT ilə bağlı məsələyə aydınlıq gətirdi

  05 Noyabr 2018    Oxunub : 2255
Belarus KTMT ilə bağlı məsələyə aydınlıq gətirdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təyin olunacağı ilə bağlı planlar və onun namizədliyinin müzakirə olunmasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azvision.az xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bu barədə açıqlama verərək, KİV-də yazılan xəbərləri təkzib edib. Bildirib ki, Zasın təyinatı məsələsi nə KTMT-də, nə də Belarus hökumətində müzakirə mövzusudur.

“Bizdə belə bir məlumat yoxdur... Bu məsələ yalnız hələ 8 noyabrda KTMT-nin Astanadakı iclasında müvafiq səviyyədə müzakirəyə çıxarılacaq. İndiki məqamda hətta baş katib postuna namizədin hansı ölkədən olacağı bilinmir, o ki qaldı namizədin kimliyi...” - Anatoli Qlaz vurğulayıb.

Qeyd edək ki, “Kommersant” qəzeti KTMT-nin üç ölkəsində diplomatik mənbələrə istinad edərək yazıb ki, növbəti üç il üçün yeni baş katib Belarus təmsilçisi olacaq. Və baş katib postuna ən uyğun namizədin Stanislav Zas olduğu bildirilib.

Xatırladaq ki, Ermənistan tərəfinin təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən Yuri Xaçaturov vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Belarus   KTMT