Rəsmi Pekin ABŞ-la danışıqlara hazırdır

Rəsmi Pekin ABŞ-la danışıqlara hazırdır
  06 Noyabr 2018    Oxunub:2053
Çin ABŞ-la aralarındakı ticarət ziddiyyətlərini yoluna qoymaq üçün əməkdaşlığa hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Çin rəhbərinin müavini Van Qişan Sinqapurda keçirilən “Bloomberg New Economy Forum”da bəyan edib. Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatına malik 2 ölkə arasındakı gərginlik həll olunmazsa, bundan tərəflərin özü ilə yanaşı, qlobal ticarət də ziyan görəcək.

“Dünyada Çinlə ABŞ-ın yaxın əməkdaşlığını vacib edən çoxsaylı böyük problemlər var. Çin Amerika ilə hər iki tərəfi də narahat edən məsələlərlə bağlı görüşməyə və ticarətdə iki ölkənin də qəbul edə biləcəyi bir həll variantı üzrə işləməyə hazırdır. İqtisadi qloballaşmada qarşımıza çıxan problemləri dəf etməyin yolu əməkdaşlıqdan imtina və qəzəb deyil. Ticarət divarları və mübahisələr də problemlərimizi həll etməz. Əksinə, qlobal bazardakı çalxalanmaları artırar”, - Van Qişan vurğulayıb.

Çin rəsmisi onu da bildirib ki, rəsmi Pekin beynəlxalq mübahisələrin qaydalar və konsensus ilə, birtərəflilik və proteksionizmə qarşı tədbir görülərək həllinin tərəfdarıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump noyabrın sonunda Argentinada keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində Çin rəhbəri Si Tsinpinlə görüşəcək. Liderlərin görüşündə iki ölkə arasında yeni ticarət sazişinin imzalanacağı gözlənilir. Bundan əvvəl Tramp bildirmişdi ki, əgər Çinlə ABŞ arasında ticarətlə bağlı razılığa gəlinməsə, Vaşinqton Çin mallarına əlavə 267 milyard dollarlıq gömrük rüsumu təbiq edəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: ABŞ   Çin  





Xəbər lenti