100 il əvvəlin təbrikləri: Cümhuriyyətin əsas qəzeti nə yazırdı? - ARXİV
Beləliklə, cümhuriyyətin yaşıdı olan 100 yaşlı bu qəzet Azərbaycan hökuməti ilə xalqının əsas rabitə qaynağı oldu. Bu qəzet vasitəsilə dövlət xalqına çatdırmaq istədiyinin, xalq isə hökumətə görmək istədiklərininin ismarıcını verirdi.
“Azərbaycan” nəşrə başladığı gündən bütün qaranlıqlara məşəl tutdu: hər səhifəsindən tarix hayqırdi, xalqı milli oyanışa səslədi, milli-mənəvi dəyərləri xatırladaraq milli kimlik məfhumunun ən ali dərəcədə dərk edilməsinə şölə salmaqla, həm də Azərbaycan aydınlarının mütərəqqi fikir dünyasına nurlu bir yol açdı.
Dünyaya yenicə doğmuş bir ölkənin xalqına müstəqilliyin,dövlətin və dövlətçiliyin nə demək olduğunu, xalqın azad həyatının təminatçısı ola biləcək demokratik dəyərlərə söykənərək, o zamankı qarmaqarışıq dünyanın təhlükəli ağuşunda var ola bilmək bacarığını aşıladı; Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və mədəni həyatında baş verənləri saniyəbəsaniyə təqib elədi; Azərbaycan Milli Şurasının, Azərbaycan Hökumətinin bütün qanun və qərarlarını, Parlamentin bütün yığıncaqlarını tam mətni ilə səhifələrinə köçürdü.
Bakı başda olmaqla cümhuriyyətin hər yerindən və hər şeydən xəbər verdi: ölkəni bürüyən erməni bəlasından, Bakının vəziyyətindən, bazarlarda hökm sürən bahalaşmadan, küçələrdə, həyətlərdə baş alıb gedən natəmizlikdən, bələdiyyələrin yarıtmaz fəaliyyətindən, dəllalların özbaşınalığından, su qıtlığından, ərzaq çatışmazlığından, mədəniyyət yeniliklərindən,teatr və musiqimizin inkişafından, artist və artistkalarımızın uğurlarından, bəzilərinin ədabazlığından,bəzilərinin səhnə mədəniyyətinin zəifliyindən, tamaşaçılarin mədəni səviyyəsinin aşağı olmasından,yaxın-uzaq dünyadakı ictimai-siyasi vəziyyətdən, gələn qonaqların şərəfinə verilən ziyafətlərdən, beynəlxalq münasibətlərdən və daha nələrdən-nələrdən...
Qəzet oxucusuna müstəqil bir dövlətin azad xalqı olmaq üçün çıxış yolu da göstərirdi: yaşayış mühitinin bütün sahələrində durmadan yaxşılığa doğru inkişaf etmək, milli bayrağa, milli gerbə və miili himnə sahib olmaq, səhiyyəni, iqtisadiyyatı dirçəltmək, milli pul vahidi, milli təhsil sistemi yaratmaq, milli kadrların yetişdirilməsinə nail olmaq, məktəblərdə imperiya Rusiyasından qalmış təhsil metodikasını kökündən dəyişmək, dünyəvi biliklərin tədrisinə çalışmaq, bütün cümhuriyyət əhalisini təhsilə cəlb etmək, məktəblərin sayını çoxaltmaq, təhsilin ilk növbədə Azərbaycan türkcəsində aparılmasını təmin etmək, ali təhsil müəssisələri yaratmaq və s.
Millətin savadlılıq səviyyəsinin artırılmasının yanı sıra hökumət üçün ən vacib strateji məqam isə milli ordu yaradılması məsələsi idi. Müstəqilliyin təməl şərtinin də güclü orduya bağlı olduğunu aşılayırdı milli qəzetimiz “Azərbaycan”. Qəzetdə müntəzəm olaraq yeni təşkil edilmiş hərbi məktəblərə dair məlumatlar verilir,cəmiyyət həyatında xalqın milli ruhuna və vətənpərvərlik xüsusiyyətlərinin oyanışına bağlı baş verənlər barədə yazılar dərc olunurdu. “Xarici mətbuat Azərbaycan barədə” adlı yazıda deyildiyi kimi: “Konstantinopolda çıxan “Lˋentente”-nin 19 dekabr buraxılışında aşağıdaki məzmunda korrespondensiya yerləşdirmişdi.
“ Bakıdan bizə yazırlar:
Bakı şəhərindən aldığın ilk təəssürat budur ki, vacib kommersiya mərkəzindəsən. Lakin yerli ticarətin özünəməxsusluğu ondadır ki, onun böyük hissəsi yerli sakinlərin – tatarların əlindədir. Bu axırıncılar olduqca zəhmətkeş xalqdır və onların hamısı, hətta qocalar və uşaqlar da işləyirlər, həm də yaxşı işləyirlər. Bu müsəlman ölkəsi Şərqdə bir istisnadır və şərq ölkələri ilə heç bir oxşarlığı yoxdur. Hamı fəal surətdə işləyir. Bakıda kafeyə rast gəlmirsən. Deyirlər ki,azərbaycanlılar kafedə keçən həyatı xoşlamırlar, belə ki, hər kəs öz işi ilə məşğuldur,veyillənməyə vaxtları yoxdur. Heyrətləndirən və diqqət cəkən ikinci, olduqca aydın anlaşılan məqam isə - xalqın milli ruhudur. Tatarlar adi iş günlərində öz ticarətləri ilə məşğuldurlar, bayramları isə təlimlərdə, ictimai meydanlarda təlim atışmalarında keçirirlər.
Rus carları yanında azərbaycanlılar hərbi xidmətə çağırılmırdı. Bax, elə ona görə də indi onlar atıcılıqla məşğul olmağı çox sevirlər. Azərbaycan zabitləri xalqa silahdan istifadə etməyi öyrədirlər. Əgər lazım gələrsə, bütün xalq öz ölkəsini müdafiəyə hazır olacaq. Axşamlar bütün gün ərzində çəkilən zəhmətdən sonra hər yerdən milli marş sədaları gəlir: “İrəli, irəli Azərbaycan əsgəri”. Bütün xalq özünün yeganə arzusu olan müstəqilliyə şüurlu şəkildə yanaşır və deyəsən onu qazanmaq üçün verəcəyi bütün qurbanlara hazırdır. A.de – F. ”
(“Аzərbaycan”, 14 yanvar, №9, səh.2)
Bir sözlə, səhifələrində dünyanı Azərbaycana, Azərbaycanı dünyaya daşımaq kimi missiyanı yerinə yetirməyin məsuliyyətini çiyinlərinə götürmüşdü qəzet, həm də ən xırda detallarına qədər.
Fikrimcə, “Azərbaycan” qəzeti canlı bir tarix, ölkədə və ölkə xaricində baş verən bütün ictimai-siyasi hadisələri nöqtəsini, vergülünü axsatmadan kağız yaddaşına köçürən olduqca qiymətli bir arxiv mənbəyi, dəyərinə görə ölçüyəgəlməz, zəngin bir xəzinədir. Bu qəzetin səhifələrinə səyahət etmək kifayətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutuna qədər geçdiyi şərəfli yolu olduğu kimi göz önündə canladırıb, yaşaya biləsən.
Doğrudur, qəzetin səhifələrindən süzülən fikirlər müstəqil, azad bir dövlətin necə böyük bir canfəşanlıqla tərəqqiyə doğru istiqamət aldığından xəbər verirdi. Lakin hər şeyə rəğmən, onun ruhundan qəribə bir nigarançılıq da axırdı: elan edilmiş müstəqilliyin dünya dövlətləri tərəfindən hələ də tanınmaması nigarançılığı...
Nəhayət ki, 1920–ci ilin 12 yanvar tarixi düz 1 il, 7 ay və 15 gündən sonra bu nigarançılığa son qoydu.
Həmin gün baş verən hadisə barədə qəzet belə yazırdı:
“Beləliklə, baş tutdu. Uzun tərəddüddən, yarımağız, yarı eyham, qeyri-müəyyən və üstüörtülü qərarlarla Antantanın ali şura simasında Azərbaycan və Gürcüstan respublikalarıının müstəqilliyinin faktiki tanınması ilə bağlı yekdil qərara gəlməsi barədə teleqraf bizə sevincli bir xəbər gətirdi. Uzun, gərgin mübarizədən sonra kaleydoskopvari bir sürətlə dəyişən şəraitdə Zaqafqaziya respublikaları özlərini nəhayət müqəddəs məqsədlərinin yanında gördülər və indi etiraf edə bilərlər ki, bütün verilmiş qurbanlar əbəs olmadı və aydın siyasi bəsirət öz nəticəsini verdi...
Hər halda, nəticə göz qabağındadır. Söz deyildi və bu gündən etibarən xalqların müstəqil mövcudluğunun danılmaz bir faktı kimi tarix kitablarına yazılacaq...
Tarixin qanunları dəyişməzdir. Bugünkü hadisələrin bütün qarşısıalınmaz inkişafı təcrübəli sükançının əminliyi ilə müasir siyasi dünyanın taleyini müəyyən etməyə çağırılmış xalqları kiçik xalqların arzu və ümidlərinin həyata keçirilməsi yoluna itələdi. Hələ böyük dünya müharibəsi ərəfəsindən bütün dünyayda zəiflərin öz müqəddəratlarını sərbəst təyin etməyin formulası səslənirdi.
Dünya yanğınının alovlanmasına səbəb olan prinsiplərdən biri kimi bu formula mübarizə üçün stimul və silah rolu oynamadı və hətta mübarizə qələbə ilə nəticələndikdən sonra da ölmədi...
Ötən illər Zaqafqaziya respublikaları üçün dövlət bişkinliyi ilə bağlı imtahan illəri oldu. Bu imtahan uğurla başa çatdı.Vətəndaş müharibəsinin coşğun dənizində tənha və unudulmuş ada vəziyyətində qalan onlar, öz dövlət binalarının özülünə daşı - daş üstündə qoyaraq, eyni zamanda xaricdən təhlükə yaradan qəzəbli dalğalardan qorunmaq üçün mühafizə bəndi tikməyi də unutmadılar. Hələ lap yaxın zamanlarda denikin təhlükəsi adlı belə bir dalğa Azərbaycanın sərhədlərində vıyıldayırdı, havadan isə qırğın və respublikanın gələcək taleyinin təhdidi təhlükəsi asılmışdı. Eyni zamanda Antanta dövlətlərindən beynəlxalq müdafiə və kömək ümidinin az olması, cansıxıcı“birlik və bölünməzlik”prinsipinin Avropanın siyasət aləmində daha çox məşhur olması barədə həyəcanlı xəbərlər gəlirdi.
Nə qədər ki, qaranlıq tamamən çökməyib, nə qədər ki son ulduz da sönməyib, demək hələ günəş doğa bilməyəcək. Az bir vaxt keçdi və bizi təhdid edən dalğa gücsüz bir köpüyə çevirildi, təhlükəli şayiələr yerini parlaq və aydın tanınma faktına verdi.
Bu gündən etibarən Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq ailəyə qoşulur. Dostlar və düşmənlər gördülər ki, faktla mübahisə - bağışlanmaz donkixotluğa aparacaq və biz Denikin komandanlığının respublikaların müstəqilliyini tanımağa hazır olduqlarını, bunun ardınca isə sovet hökumətinin öz forma və məzmununa görə heç bir şübhə doğurmayan təkliflə suveren və müstəqil dövlət olan Azərbaycanla hesablaşacaqlarını gördük.
Respublikaların müstəqilliyinin Antanta tərəfindən tanınması həyatın özü tərəfindən müəyyənləşdirdiyi hadisələr zəncirində həlledici halqa oldu. Müxtəlifcinsli və bir–biri ilə düşmən olan nəhənglərin qəbul etdiyi qərarlar deyirdi ki, bu, çağırılması faktiki olaraq zəruri qərarlardır və gənc respublikalar öz dövlət mövcudluqlarının qısa müddəti ərzində daxildə və xaricdə baş verən hadi-sələrin təsiri altında elə gücləndilər ki,onlarla hesablaşmamaq qeyri-mümükündür...”
(“Аzərbaycan”, 1920-ci il, 14 yanvar, №9, səh.1)
Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli də bu münasibətlə xalqa müraciət edir:
“Azərbaycan vətəndaşlarına!
28 may 1918 – ci ildə Azərbaycan xalqın iradəsi ilə müstəqil dövlət elan edildi.
Respublika ağır fəlakətlər içərisində doğuldu.
Bütün ölkə qanlı vətəndaş müharibəsinin cəngində parçalanırdı.
Öz taleyini azad şəkildə qurmaq kimi müqəddəs haqqa inamla xalq anarxiyaya son qoydu və öz dövlətçiliyinin əsasını qoydu.
Miilli cəhdlərin reallaşdırılmasının gələcək yolu nə qədər çətin olsa da Azərbaycan üzərinə düşən sınaq payından şərəflə çıxdı.
Xalqın müstəqil həyat və özünüidarəetmə arzusu indi yeni, müstəqillik və azadlığa əsaslanan dövlət idarə üsulunun qəti təntənəsinə gətirib çıxarmışdır.
Azərbaycanın müstəqilliyi böyük avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə qəbul edilmişdir.
Azərbaycanın tamhüquqlu üzv kimi Qərbin aparıcı xalqlarının ailəsinə qoşulması, onun tarixində mənəvi gücünün yenidən çiçəklənməyə başladığı parlaq bir gündür.
Hökumət inanır ki, onun bütün vətəndaşları yenidən baş verə biləcək bütün maneə və təhlükələrə rəğmən öz azad və müstəqil vətənlərinin xoşbəxtliyini təmin etmək arzusuyla birləşəcəklər.
Yaşasın müstəqil Azərbaycan xalqı!
14 yanvar 1920 – ci il Nəsib bəy Yusifbəyli”
(“Azərbaycan”, 17 yanvar, №11, səh.2)
Beləcə, Antanta tərəfindən Azərbaycan və Gürcüstan respublikalarının müstəqilliyinin tanınması xəbərinin də ilk carçısı məhz “Azərbaycan” qəzeti oldu. Azərbaycan hökumətinin işlər idarəsi Tiflisdən aşağıdakı məzmunda xəbər alır: “Gürcüstan Xarici İşlər naziri Ali Komissar cənab Uordropdan aşağıdakı bildirişi almışdır.
Lord Kerzan Ali Şuraya təklif etmişdir ki, Gürcüstan və Azərbaycanın faktiki müstəqilliyini qəbul eləsin. Lord Kerzonun təklifi yekdilliklə qəbul edilmişdir.
Lord Kerzon bu barədə Gürcüstan və Azərbaycan hökumətlərinə xəbər verməyi Uordropdan xahiş etmişdir. Burada böyük şadyanalıqdır. Hökumət müstəqilliyin tanınması ilə bağlı təbrikləri qəbul edir. Sizi və Sizin hökumətinizi bu böyük sevinc münasibətilə ürəkdən təbriik edirəm. Təfsilatı əlavə məlumatla xəbər verəcəyəm.
(Tiflisdəki diplomatik nümayəndəliyin sədr müavini Vəkilov).
Bu böyük hadisənin təntənəsi də “Azərbaycan” qəzetinin səhifələrindən başladı. Azərbaycan hökumətinin, Parlamentin ünvanına hər tərəfdən təbrik teleqramları axırdı. Bütün təbrik teleqramları bu sözlərlə başlayırdı: “Bakı. Hökumət sədrinə”.
İlk təbrik teleqramları Azərbaycanın Xarici İşlər Naziri Fətəli Xan Xoyskinin adına Tiflisdəki diplomatik nümayəndəliyin sədr müavini Vəkilovdan, polkovnik Qaskeldən, Ukrayna missiyasının katibi Tışkeviçdən, rus şurasının sədri Kalyuşindən, “Polşa Oqnisko” cəmiyyəti adından mühəndis Lyudviq Pekarski və başqalarından daxil olmuşdu.
İranın Gəncədəki konsulu yazırdı: “Azərbaycan dövlətinin müstəqilliyinin tanınmasına sevinirəm. Sizi və bütün parlament üzvlərini bu təntənəli gün münasibətilə təbrik edirəm; müstəqilliyi öz qardaşları İran və Türkiyə dövlətləri tərəfindən hələ Antantadan əvvəl tanınan yeni qardaş dövlətə - Azərbaycana çiçəklənmə və xoşbəxt gələcək arzulayıram”.
Ukraynanın Qafqazdakı diplomatik missiyasının başçısı İ.İ.Kraskovskinin Azərbaycan Hökumətinə Ünvanladığı teleqramda deyilirdi: “Dərin sevinc hissi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınması münasibətilə Ukrayna adından salamlayıram. Biz ukraynalılar sizin bugünkü sevincinizə səmimi qəlbdən sevinir, yeni, azad dövlətçilik həyatında müstəqil quruculuq işinizin çiçəklənməsini ürəkdən arzulayır və inanırıq ki, bizim tarixi taleyimiz hər nə qədər gələcəkdə dəyişəcək olsa da, Ukrayna və Azərbaycanın xalqları dövlət münasibətlərində ən sıx əlaqələr və ayrılmaz dost-luq telləri ilə bağlı olacaqlar”. (Ukrayna missiyası katibi Tışkeviç)
Polkovnik Qaskel: “Sizə ürəkdən təbriklərimi və Azərbaycanın gələcəyi üçün ən xoş arzularımı göndərirəm”,- deyə yazırdı.
Zaqafqaziya rus milli şurasının sədri Kalyuşni teleqramda: “Zaqafqaziya rus milli şurası Sizi Azərbaycan Respublikasının müstəqilliyinin İngiltərə tərəfindən tanınması münasibətilə salamlayır və inanıram ki,türk demokratiyası onun yeni həyatında möhkəmlənəcək” - arzusunu bildirirdi.
Gürcü müsəlmanları və gürcü xristianları milli şurası adından Məmməd bəy Abaşidze və Qriqori Eliava: “Gürcü müsəlmanları və gürcü xristianları milli şurası Azərbaycan və Gürcüstan müstəqilliyinin milli şura ittifaqı simasında böyük coşğunluqla tanınması münasibətilə azərbaycan və gürcü xalqlarının lehimlənmiş, əbədi dostluğunu salamlayır.Bu gündən qardaşlıq bağları hər iki xalqın sevinci naminə daha da sıx birləşəcək.Yaşasın Azərbaycan və Gürcüstan müstəqilliyi!”
Gürcüstan müsəlman milli şurasının sədri Nəriman Nərimanovdan da maraqlı məzmuna malik bir teleqram gəldi:
“Gürcüstan Müsəlman Milli Şurası öz milli və qan qardaşları olan azərbaycan xalqını böyük tarixi gün – bizim gənc Azərbaycanın müstəqilliyinin Antanta tərəfindən tanınması bayramı münasibətilə təbrik edərək, qədim Gürcüstandan onun sadiq oğullarına ürəkdən salam və ölkənin həyatının çiçəklənməsində uğurlar qazanmasında ən səmimi arzularımı yollayıram. Qoy Allah özü Qafqaz müsəlmanlarının ümid və dayaq yeri olan çox sevdiyimiz Azərbaycanın müstəqilliyini əbədi qılsın və bu gənc respublikanın mövcudluğu, sarsılmazlığı öz cəfakeş oğullarının xoşbəxtliyi naminə yüzilliklərlə davam etsin”.
“Polça Oqnisko” cəmiyyəti adından mühəndis Lyudoviç Pekarski:
“Əlahəzrət, icazə verin Azərbaycan üçün bu sevincli gündə Azərbaycanın müstəqilliyini hökumət və şəxsi müəssisələrdə çalışan və Oqnisko cəmiyyətində birləşən polyak zəhmətkeşləri adından ürəkdən təbriklərimizi bildirək. Bizim ürəklərimiz xalqların müstəqillik ideyası tərəfdarlarının oğul və nəvələri kimi bu qədər sevimli tarixi anda böyük sevinc hissi ilə doludur. Yaşasın müstəqil Azərbaycan,yaşasın müstəqil Azərbaycanın vətəndaşları, yaşasın Azərbaycan Hökuməti!"
Litvanın Zaqafqaziya respublikaları hökumətləri yanındakı diplomatik nümayəndəsi Fr.Delida:
“Cənab nazir, Litva hökuməti adından Ali Şura tərəfindən Azərbaycan Respublikasının tanınması münasibətilə alovlu salamlarımı və səmimi sevincimi sizə göndərdiyim üçün xoşbəxtəm. Bugünkü bayram eyni zamanda litva xalqının da bayramıdır, çünki bu gün azərbaycan və litva xalqlarının və onların rəhbərləri-nin son illərdə əl-ələ verib, uğuruna mübarizə apardıqları gündür – xalqların müstəqillik ideyalarının təntənəsi günüdür. İndi, müstəqil Azərbaycan respublikasına sərbəst siyasi yaradıcılıq üçün bütün üfüqlərin açıldığı bir vaxtda Azərbaycan və Litva respublikaları arasında mövcud olan və hələlik siyasi uğurlar üçün vahid məqsədlə şərtlənən əlaqələri ticarət mübadiləsinin normal şərtlərlə bərpasına gətirəcək, iqtisadi zəmində daha da sıxlaşacaq.
Bu ümidlə cənab nazir, icazə verin hökumət sədrinə ürəkdən təbriklərimi, Litvadan Azərbaycana qardaş salamını yetirim”.
O cümlədən, Bakı Şəhər Duması və dumanın Gəncə, Salyan, Qazax, Quba, Lənkəran, Şamaxı, Şuşa, Gorus, Nuxa şöbələrinin sədrlərindən, “Müsavat” partiyası və onun yerli şöbələri, Lənkəran, Salyan, Ağdam, Nuxa, Zaqatala, Şuşa, Quba, Ağdaş, Şamaxı, Tərtər, Zəyəm - bir sözlə, cümhuriyyətin bütün əyalətlərindən, o cümlədən, Tiflis, Batum, İrəvan, Qars, Tkvibula, Mecvrisxevi, Surama və digər şəhərlərdən gələn teleqramlar səngimirdi.
Gəncə Şəhər Dumasından: “Antantanın Azərbaycanın müstəqilliyini tanıması ilə bağlı xəbəri Gəncə Duması tərəfindən alan şəhər əhalisi sevinc içindədir. Şəhər əhalisi respublika hökumətinə müstəqillik aktı münasibətilə atəşin təbriklər göndərir və doğma dövlətin müstəqilliyini qorumaq üçün heç nə əsigəməməyə hazır olduğunu bildirir”.
Müsavat partiyasının Gəncə şöbəsindən: “Türk demokratik partiyası “Müsavat”ın Gəncə şöbəsi böyük sevinclə əlahəzrət, Sizin qayğınız və böyük qurbanlar hesabına əldə edilmiş müstəqillik bayramını təbrik edir. Qoy allah bu bayramı əsrlərlə qorusun!”.
“İttihad” partiyasının yerli şöbəsindən: “ittihad partiyasının Gəncə şöbəsi Azərbaycanın müstəqilliyinin tanınmasının təntənəli bayramı münasibətilə parlamenti təbrik edir və and içir ki, bizim Dağıstanlı qardaşlarımızın da azad olması uğrunda mübarizə aparacaq”.
Müsəlman Xeyriyyə Cəmiyyəti sədrindən: “Müstəqilliyin tanınması bayramı münasibətilə Müsəlman Xeyriyyə Cəmiyyəti Gəncə şöbəsi əziz hökumətinin təbrik edir. Xəbər veririk ki, bayram şərəfinə Gəncə yoxsullarına100 000 rubl ianə bağışlamışdır”.
İrəvan Müsəlman Qaçqınlar ittifaqından: “Çoxdan gözlənilən müstəqilliyimizin tanınması münasibətilə biz, Gəncə quberniyasında yerləşdirilmiş qaçqınlar bütün dindaşlarımızı səmimi qəlbdən təbrik edirik.
Biz allaha dua edirik ki, qoy müqəddəs vətən naminə sivilizasiyanı qaldıran əzabkeş hökumətimizin və bu sahədə çalışanların ömrü uzun olsun”.
Həmkarlar ittifaqından: “Gəncə həmkarlar ittifaqı Azərbaycanın tanınmasının təntənəli günü münasibətilə təbrik edir və onun gələcək çiçəklənməsini arzu edir. Biz, əliqabarlı fəhlələr son nəfəsimizədək bu müstəqillik üçün işləyəcək və mübarizə aparacağıq”.
Türk tələbələr ittifaqından: “Türk tələbələr ittifaqı adından parlamenti Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə təbrik edir və alovlu arzularımızı yollayırıq”.
Bax beləcə,bu kimi yüzlərlə yerli teleqramların yanında böyük dövlətlərdən gələn teleqramlar da az deyildi.
Sovet Rusiyasının xarici işlər komissarlığından da Azərbaycan və Gürcüstan hökumətlərinə təklif gəlmişdi, lakin bir qədər eyhamlı.
Qəzetin 7 yanvar tarixli nömrəsində Azərbaycan respublikası xarici işlər nazirinin ünvanına gələn təklif və Azərbaycan hökumətinin həmin təklifə qətiyyətli cavabının tam mətni dərc olunmuşdu:
Radioteleqram.
Bakı.
Azərbaycanın xarici işlər nazirinə və Azərbaycan xalqına.
Moskvadan. 2yanvar 1920-ci il. Qəbul edilib 6 yanvar 1920-ci il.
Rusiya fəhlə və kəndlilərinin qəhrəmanlığı nəticəsində təşkil olunmuş qirmızı ordu Yudeniç və Kolçakı əzib, çar generalı Denikinin ağqvardiyaçı dəstələrinə sarsıdıcı zərbə vuraraq, onları pərakəndə şəkildə Rostov-Dona çəkilməyə məcbur etdi. Əks-inqilabçı monarxiya hökumətinə son zərbələri yetirərək, RSFSR hökuməti Rusiyanın şərqində ağqvardiyaçıların axırına çıxmağı sürətləndirmək üçün Azərbaycana sovet hökuməti ilə təcili danışıqlara girməyi və iki hərbi komandanlıq arasında hərbi saziş bağlamağı təklif edir. Sovet hökuməti əks-inqilabçıların təkcə Rusiya Sovet Sosialist Respublikası üçün deyil, həm də keçmiş Rusiya imperiyasının tərkibində olmuş bütün kiçik xalqların ölümcül düşməni olduğunu göstərməyin vacib olduğunu lazım bilir. Denikin yalnız Rusiya fəhlə və kəndlilərinin deyil, eyni zamanda azərbaycanlı və gürcülərin də düşmənidir. Biz əminik ki, Gürcüstan və Azərbaycan fəhlə və kəndliləri onu özlərinə düşmən bilirlər; biz ona da inanırıq ki,onlar ağqvardiyaçıların Rusiya və Qafqaz arasındakı daldalanacaqların dağıdılacağı və əvvəllər bir ölkənin sərhədləri daxilində yaşayan xalqlar arasında birliyin bərpa olunacağı günü həyəcanla gözləyirlər. Həmin anı tezləşdirmək lazımdır!Rusiya fəhlə və kəndlilərinin şimaldan Denikinə vurduqları zərbə gürcü və azərbaycanlı fəhlə və kəndlilərinin hərbi zərbəsilə birləşməlidir. Nə qədər ki gec deyil biz, Azərbaycanı və azərbaycan xalqını Denikin əleyhinə mübarizəyə başlamağa çağırırıq. Azərbaycan dövlətinin doğru düşünülmüş maraqları və onun zəhmətkeş sinfinin sosial- siyasi maraqları Azərbaycanı bizim təklifimizlə razılaşmağa məcbur edəcəkdir.
Bəs Azərbaycan hökuməti bu teleqrama nə cavab vermişdi?
(Ardı var)
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün
Teqlər: Cümhuriyyət