10 mindən çox sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub

 10 mindən çox sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub
  12 Noyabr 2018    Oxunub:10291
"2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşaq xüsusi təhsilə cəlb edilib"
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı zamanı deyib.

C.Bayramov Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Nazir Təhsil Nazirliyi tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə işlərə başlanıldığını deyib.

"Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı YUNİSEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin, ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və ölkəmizin digər bölgələrində məktəblərin daxilində 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulub".

Təhsil naziri bu layihənin müvafiq Dövlət Proqramının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, layihə üzrə 10 000 nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti