Prezidentin geri çağırdığı səfir kimdir?

 Prezidentin geri çağırdığı səfir kimdir?
  13 Noyabr 2018    Oxunub:12668
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, Adış Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına qəbul olub.

1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.



2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

A.Məmmədov 1995-1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim, 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub. 2001-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində işləyib. 2002-2005-ci illərdə isə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsini tutub.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyidə müşavir vəzifəsində çalışıb. 2013-cü il 12 avqust tarixində Prezident İlham Əliyev tərəfindən ölkəmizin İsveç Krallığındakı səfiri vəzifəsinə təyin olunub. Bu günədək Azərbaycanın İsveç, Norveç və Finlandiyada səfiri olub.

Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.

Evlidir, iki övladı var.

Azvision.az


Teqlər: Səfir  





Xəbər lenti