3 güləşçimiz dünya çempionatında medal qazanıb

3 güləşçimiz dünya çempionatında medal qazanıb
  15 Noyabr 2018    Oxunub:7657
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Yarışın ikinci günündə daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan üçü təsnifat, ikisi isə 1/8 finaldan çıxışına başlayıb.

Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısına rahat qalib gəlib. Pəhləvanımız qırğız rəqibini də yolundan kənarlaşdırıb. Məmmədovun 1/4 finalda gürcü güləşçiylə görüşü gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Murad yarımfinala yüksəlib. Pəhləvanımız bu mərhələdə türk güləşçiyə də gücünü göstərərək, finala vəsiqə qazanıb. Murad noyabrın 14-də axşam seansında Yaponiya təmsilçisi ilə qızıl medal uğrunda mübarizə aparıb. Güclü rəqibinə müqavimət göstərə bilməyən Məmmədov gümüş medalı boynundan asıb.

Kərim Cəfərov təsnifat mərhələsində amerikalı rəqibini fasiləyə qədər məğlub edib. Güləşçimiz yapon həmkarını da vaxtından əvvəl üstələyib. Cəfərov qazaxıstanlı rəqibiylə gərgin keçən görüşdən də qalib ayrılaraq, adını yarımfinala yazdırıb. Kərim macar rəqibinə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada misirli idmançıyla münasibətləri aydınlaşdırıb və rəqibinə məğlub olaraq dünya ikincisi olub.

İslambek Dadov üçün start uğurlu alınmayıb. Təmsilçimiz 1/8 finalda Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün noyabrın 14-də Dadov təsəlliverici görüşə çıxıb. Ancaq İslambek macar həmkarına da bata bilməyib.

Eltun Vəzirzadə dünya çempionatına qələbəylə başlamaq imkanı əldə edib. Özbəkistan güləşçisiylə qarşılaşmanın son saniyələrinə 5:4 öndə daxil olan yığma üzvü xalçadan kənara çıxdığı üçün sona 3 saniyə qalmış hesabda geri düşüb və uduzub.

Orxan Nuriyev debütdə Macarıstan təmsilçisinə müqavimət göstərə bilməyib. Ancaq rəqibin finala çıxması güləşçimiz üçün bürünc medal uğrunda mübarizə aparmaq imkanı verib. Nuriyev noyabrın 14-də ilk təsəlliverici görüşdə finlandiyalı həmkarından üstün olub. Orxan özbək idmançını da sıradan çıxarıb və bürünc medal görüşünə vəsiqə qazanıb. Həlledici qarşılaşmada sonuncu xal prinsipinə görə misirli güləşçiyə qalib gələn Nuriyev dünya 3-cüsü olub.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti