Bakıda hiperrealistik əsərlər nümayiş olunacaq

Bakıda hiperrealistik əsərlər nümayiş olunacaq
  15 Noyabr 2018    Oxunub:13896
Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” (Hyperrealistic Sculpture. Almost Alive) adlı sərgi açılacaq.
Mərkəzdən Azvision.az-a verilən məlumata görə, ekspozisiyada Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan 20 əsəri nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzində açılacaq sərgi beş bölmədən ibarətdir. Burada insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər təqdim ediləcək.

Sərgidə Dueyn Henson, Daniel Firman, Kerol A.Feyerman, Ceymi Selmon, Corc Siqal, Kit Edmierin, Sem Cinks, Mark Siyan, Jarko Başeski, Patrisia Piççinini, Toni Matelli, Mel Ramos, Matild ter Heyn, Tom Kübler, Robert Qrem və Allen Consun əsərləri nümayiş olunacaq.

1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 70-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıb. Ümumiyyətlə isə hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini – dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.

“Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib. Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək.

Azvision.az


Teqlər: Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti