Lukaşenkodan Azərbaycan vətəndaşlarına dəvət

  19 Noyabr 2018    Oxunub : 1333
Lukaşenkodan Azərbaycan vətəndaşlarına dəvət
"Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar"
Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Lukaşenko qeyd edib: "Hörmətli dostlar. Bu gün mənim dostum, həmkarım Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə məhsuldar danışıqlar apardıq. Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik. Bu il mühüm tarixlə - Belarusla Azərbaycanın diplomatik münasibətlər qurmasının 25 illiyi ilə əlamətdardır".

Dövlət başçısı bildirib ki, əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyiblər. Buna müntəzəm dialoq, o cümlədən yüksək səviyyədə dialoq kömək edib: "Mən Prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək.

Cari ildə biz qarşılıqlı ticarətin artımını müşahidə edirik. Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb".

Lukaşenko əlavə edib ki, bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir: "Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub".

Prezident qeyd edib ki, Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir: "Bu gün sizin məhsullar ötən il Minskdə açılan Azərbaycan Ticarət Evində geniş təqdim edilir. Onların Belarus alıcılarında populyarlıq qazanmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib".

Belarus prezidenti, həmçinin deyib ki, nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar: "Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil.

Əziz dostlar, sizə məlumdur ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm.

Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq".

Azvision.az

Teqlər: Belarus   Lukaşenko