Masallının daha iki kəndi qazlaşdırılıb

  21 Noyabr 2018    Oxunub : 483
Masallının daha iki kəndi qazlaşdırılıb
Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Azvision.az-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində İB tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq noyabrın 21-də Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 784 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 804 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 37 min 72 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

İctimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: Qaz