Həsən Məmmədov Polad Bülbüloğlundan nə xahiş etmişdi? - 60 ilin xatirələri
- Həsənlə tanışlığım 1958-ci ilə təsadüf edir. Onunla bağlı xatirələrim 60 ili əhatə edir. Həmin il hər ikimiz sənədlərimizi Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna verib dram və kino aktyorluğu fakültəsinə daxil olduq. Məhərrəm Haşımovun kursunda təhsil alırdıq. Oxuduğumuz 4 il ərzində yaxınlığımız, yoldaşlığımız dostluğa çevrildi. Ailəvi dost olduq, bir-birimizin toyunda iştirak etdik.
- Həsən Məmmədov necə tələbə idi?
- Birinci kursda müəllim bizə bir etüd tapşıranda, biz beş, altı etüd hazırlayıb göstərirdik. Həsən isə heç bir etüd də hazırlamırdı. Axırda müəllim məcbur olub ona dedi, “Ay Həsən, sən də bu uşaqlar kimi bir tərpən də. Mən bunlara birini tapşırıram, onlar bir neçəsini hazırlayırlar. Bəs sən nə zaman etüd göstərəcəksən?”. Bir az sıxılqan, çəkingən oğlan idi. Rübün axırında müəllim yenidən Həsənə müraciət etdi. Hamımız böyük maraqla ona baxırdıq. Həsən ayağa durub “Qəlp pul“ adlı Amerikan filmindən bir obrazı səssiz canlandırdı. Deməli, orada bir epizod var idi. Kişi özünü yalandan korluğa vurub dilənirdi. Həsən Məmmədov bu epizodu göstərdi. Biz valeh olduq. O günə qədər heç nə etməyən Həsən birdən-birə gözümüz qarşısında böyüdü. Sən demə, bu istedad Həsənin daxilindəyimiş, hələ üzə çıxmırdı. O vaxtdan Həsənin istedadına vurulduq. İkinci, üçüncü kursda dərslərimiz Rus Dram Teatrında keçirilirdi. Məhərrəm müəllim oranın baş rejissoru idi. Hazırlanan tamaşalara bizi də daxil etmişdi. Kiçik rollara çəkilirdik. 1959-cu ildə bütün Azərbaycanın mədəniyyət xadimləri Moskvadakı ədəbiyyat və incəsənət 10 günlüyünə hazırlaşırdı. Teatr Moskvaya 4 tamaşa ilə gedəcəkdi. Bu tamaşalarda biz də iştirak edirdik. Məhərrəm müəllim Mixail Lermontovun “Maskarad” və “Cabbar Məcnunbəyovun “İliç buxtası” əsərlərini səhnələşdirmişdi. Digər iki əsərdən birini - “Vaqif”i Ədil İsgəndərov, “Şərqin səhəri”ni isə Tofiq Kazımov hazırlayırdı. Ancaq səfər ərəfəsində məlum oldu ki, Mədəniyyət Nazirliyi Həsən Məmmədovun adını siyahıdan çıxarıb və o, Moskvaya gedə bilməyəcək. Biz məsələni Məhərrəm müəllimə danışdıq, ondan kömək istədik. O, isə bildirdi ki, əlindən heç nə gəlmir, buna nazirlik qərar verir, adam çoxluğuna görə belə ediblər.
Dedik, ay Həsən, bütün vaqon, tərkib mədəniyyət xadimləridir, kim kimədir. Gəl sən də bizimlə birgə Moskvaya bir kupedə gedək, bir gün birimiz yatarıq, səhərisi digərimiz. Bu minvalla Həsəni də özümüzlə apardıq.
- Tələbəlikdən sonra iş həyatınız başladı...
- Sonuncu kursda bizi "Azdrama"da yardımçı heyətə götürdülər. Tamaşalarda böyük sənətkarlar - Rza Əfqanlı, Ələsgər Ələkbərov, Fatma Qədiri, Hökümə Qurbanova və digərləri oynayırdılar. Onlarla birgə səhnəyə çıxmaq böyük məktəb idi. Biz 4-cü kursda 5 tamaşa təhvil verdik. Bu tamaşalardan 3-nü “Azdrama”da, ikisini isə Gənc Tamaşaçılar Teatrında oynayırdıq. Həsən Məmmədov Sabit Rəhmanın “Toy” komediyasını televiziyada canlı oynamışdı. “Surxay” rolunu canlandırırdı. Bu ərəfədə isə C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında “Böyük dayaq” filminin çəkilməsinə hazırlıq prosesi gedirdi. Həsəni canlı yayımda "Surxay" rolunda çıxışını görüb “Qaraş” obrazına sınaq çəkilişinə çağırırlar. Həsənlə bərabər Sadiq Süleymanın oğlu da həmin rolun sınaq çəkilişində iştirak edirdi. Həsən bunu eşidib ona rol veriləcəyinə inanmır, ümidsizləşib Salayana gedir. Bədii Sovetdə kimin “Qaraş” roluna çəkiləcəyi müzakirə olunanda hamı bir ağızdan Sadiq Süleymanın oğlunu deyir. Rza Əfqanlının həyat yoldaşı, xalq rəssamı Bədurə Əfqanlı isə bildirir ki, Həsən daha yaxşı oynayır, cavan oğlandı və rola tam uyğun gəlir. Bu sözdən sonra fikirlərini dəyişirlər, Həsəni “Qaraş”a təsdiq edirlər. Bizim institutda bu xəbər böyük sensassiyaya çevrildi. Gənc tələbə baş rola təsdiq olunub, o dövrdə bu adi hal deyildi.
Film ona uğur gətirdi, kino aləminə vəsiqə aldı. 1962-ci ildə institutu bitirəndən sonra hər ikimiz nazirliyin təyinatı ilə “Azdrama”da işə başladıq. Kiçik rollardan başlayıb böyük rollara doğru oynadıq. Yavaş-yavaş bizə baş rolları etibar etdilər. Bu dəfə Həsən “Toy” komediyasında "Surxay"ı deyil, “Şeyda müəllim”i oynadı. Onun tamaşada sevgilisi “Kəmalə”yə şeir söyləməsi indi də mənim qulağımdadır. Tamaşanın o yerində izləyicilərdən gürultulu bir alqış çıxdı. Daha sonra biz Şekspirin “Hamlet” faciəsində “Hamlet”in dostlarını canlandırdıq. Bir çox tamaşalarda birgə oynadıq.
Bundan sonra kinoya ayaq açdı. Onun istedadını görüb tez-tez filmlərə dəvət edirdilər. Bu dəvətlərdə həmişə müvəfəqiyyət qazanırdı. Filmlərin sayı çox idi. Ən uğurlu rollarından biri “Yeddi oğul istərəm” filmindəki “Bəxtiyar” obrazıdır. Tofiq Tağızadə 1970-ci ildə bu filmi çəkmişdi. Obraz daha böyük uğur gətirdi. Sonrakı illərdə də xeyli rollara çəkildi. “Qızıl qaz” filmində “Fərman”ı , mən “Gündüz Eldarov”u, “Arxadan vurulan zərbə” filmində "Qəmərlinski”ni, mən isə “müstəntiq Hüseynov”u oynayırdım. O, “Abbasqulu ağa Şadlinski” roluna görə dövlət mükafatına layiq görüldü.
- Gözəl aktyor idi. Bəs insani xüsusiyyətləri necə idi?
- Çox gözəl, sadə insan idi. Sadəlik o dərəcədə idi ki, bəzən qeyri- adiliyə çevrilirdi. Rejissor Tofiq İsmayılov bizimlə oxuyurdu. Tələbəlik illərində kursun uşaqları onların evinə ad gününə yığışdı. Hahımız yüngülvari hədiyyələrlə getdik. Ancaq məclisdə Həsəni görmədim, çox təəccübləndim. Yeyib içdiyimiz məqamda Həsən gəldi. Əlində kağıza bükülmüş böyük bir əşya var idi. Hamı ona baxırdı. Ədəblə gəldi, kağızı açıb içindəki böyük billur vazanı pianonun üstünə qoydu. Dedim, Həsən, sən harada idin? Niyə yubandın? Dedi, səhərdən hədiyyə axtarırdım, tapa bilmədim, evdə bu şüşə var idi, onu götürdüm ki, əliboş gəlməyim. Hamı təəccüblə ona baxdı. Yəni rahat, sadə adam idi.
Həsənin Poluxin küçəsində, Nizami metrosunun arxasında balaca bir evi var idi. Həmin evdə çox olmuşam. Alaqaranlıq bir otaq idi. Ancaq sonralar böyük çətinliklə indiki Heydər Əliyev Kompleksinin arxasında çox gözəl bir ev tikdirə bildi. Ona ev verilməli idi, ancaq ala bilmirdi. Aldadırdılar, bir evi iki adama verirdilər. Orada yaşamaq Həsənin özünə qismət olmadı, indi oğlu ilə həyat yoldaşı qalır.
- Ailəsi ilə əlaqəniz varmı?
- Aygün adlı bir qızı, Əvəz adlı oğlu var. Hər ikisi evlidir. Oğlunun nişan mərasiminə də getmişdim. Sonuncu dəfə Həsənağa Turabovun 80 illiyi keçiriləndə oğlunu və həyat yoldaşını gördüm, salamlaşdım.
- Son günlərini necə xatırlayırsınız?
- 90-cı illərdə film çəkilişləri dayanmışdı. Həsən məni qırağa çəkib teatra qayıtmaq istədiyini dedi. Ancaq Həsən Turabovun onu geri götürəcəyinə inanmırdı. Sonra Səttar Bəhlulzadə adına sərgidə idik, nazir Polad Bülbüloğlu da orada idi. Dedim, yaxınlaş Polad Bülbüloğluna və qayıtmaq istədiyini denən. Çox utanırdı, güc-bəla ilə onu Polad müəllimin yanına göndərdim. Polad Bülbüloğlu elə həmin an Həsənağa Turabova dedi ki, onun əmrini ver, teatrada işləsin. Bir müddət teatrda işlədikdən sonra yenidən kinostudiyaya qayıtdı. Bir başqası bu qədər baş rollarda oynasaydı, başqa cür olardı. O, isə sadə, başıaşağı adam idi.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Həsən-Məmmədov