İdmançılarımız alpaqut döyüşü üzrə birinci oldular - FOTOLAR
Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər. Çempionatda Hikmət Şikarovun rəhbərlik etdiyi "S-1" döyüş liqasının idmançıları iki qızıl, yeddi gümüş və iki bürünc medal qazanıblar.
Medalçılar arasında Elgün Musayev, Tural Əliyev, Abbaszadə Məhəmməd, Heydərli Zaur, Şükürlü Məhəmməd, Məmmədov Uğur, Bayramlı Ələs, İsmayılov Diyar, Cahangirov Məhəmməd və Əlizadə Ayxan kimi idmançılar da var. Yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılara kubok, medal və xatirə hədiyyələri təqdim edilib.
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir.
Azvision.az