Baş nazir BMT rəsmisi ilə Qarabağı müzakirə edib
Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığa dair Birgə Bəyanatın imzalanmasını dəyərləndirən Baş nazir diqqətə çatdırıb ki, ölkəmiz ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
Azərbaycanın və onun yerləşdiyi regionun əhəmiyyətini vurğulayan BMT Baş katibinin müavini Olqa Algayerova ölkəmizə səfərindən məmnun olduğunu bildirib. Bakıda keçirdiyi görüşlərdə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə əlaqədar bir sıra məsələlərin müzakirə olunduğu qeyd edən qonaq bunun nəticəsi kimi Birgə Bəyanatın imzalandığını diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun su, ekologiya, energetika, nəqliyyat, statistika, ticarətin asanlaşdırılması və digər məsələlərlə məşğul olduğunu bildirən Olga Algayerova Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduğunu deyib. O, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə birgə dəstək verməyin vacibliyini bildirib.
Avropa İqtisadi Komissiyasının Azərbaycan ilə regional formatda da işlədiyini söyləyən Olga Algayerova bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Azvision.az