Milli Qəhrəmanın doğum günüdür
1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Şikar Şikarov Azərbaycana qayıdıb. O, Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayıb və həmin əməliyyata bilavasitə rəhbərlik edib. Bu əməliyyat zamanı rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunub.
Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirib. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilib, ən başlıcası isə Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulub.
1992-ci il iyunun 13-də yenidən Ağdərəyə gedib. Burada aparılan ağır döyüşlərin birində Şikar Şikarovun rəhbərlik etdiyi batalyon erməniləri geri çəkilməyə məcbur edib. Lakin Şikar Şikarov bu döyüşdə həlak olub. Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qobustan rayon Sündü kənd orta məktəbi onun adını daşıyır.
Azvision.az
Teqlər: Milli-Qəhrəman Şikar-Şikarov