Səudiyyə ABŞ silahlarını Rusiya və Çinə ötürəcək

 Səudiyyə ABŞ silahlarını Rusiya və Çinə ötürəcək
  10 Dekabr 2018    Oxunub:4491
“ABŞ olmasa, Səudiyyə Ərəbistanı bir həftədə fars dilində danışmağa başlayar. Bizim köməyimiz olmasa, Səudiyyə ordusu heç kağız torbalarla döyüşə bilməz. Bizdən fərqli olaraq, onların ABŞ-a daha çox ehtiyacı var.”
Azvision.az xəbər verir ki, bu sözləri ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətlinə münasibət bildirərkən deyib.

O, bildirib ki, bu cinayəti törətdiyinə görə ABŞ Ər-Riyada mənfi reaksiya göstərərsə, Vaşinqtonun Yaxın Şərqdəki maraqlarına zərbə vurulacağı yanaşması ilə qətiyyən razılaşmır.

Qrem vurğulayıb ki, tezliklə Senatda dinləmələr keçirərək Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Cina Haspelin təqdim etdiyi təfərrüatlar əsasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Kaşoqi cinayətinin iştirakçısı olduğunu sübut edəcəklər:

“Haspelin Senatdakı iclasda bizə verdiyi informasiya bu günədək şahidi olduğum ən yaxşı məlumatlandırma idi. Onun sözlərini dinləyən senatorların heç birində Məhəmməd bin Salmanın cinayət ortağı olmasına dair şübhə qalmadı. İdarənin iki analitiki bizə bildirdi ki, vəliəhd şahzadə Kaşoqini iki ildir ki, təqib edirmiş. Məhəmməd bin Salmanın hədəf aldığı tək müxalifətçi Kaşoqi olmayıb. O, başqa ölkələrdə yaşayan digər müxalifətçiləri də təqib edib və qaçıraraq Səudiyyəyə geri gətirib”.

Amerikalı senator onu da bildirib ki, bundan sonra Səudiyyəyə silah satışına dəstək verməyəcək. Çünki gələcəkdə Ər-Riyad ABŞ-dan aldığı silahları Rusiya və Çinə ötürə bilər.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman sanki buldozerdir. Məncə, onun ağlı başında deyil. Çünki hansı ağlı başında insan bir adamı aldadaraq Türkiyədəki konsulluğa gətirib öldürdükdən sonra bunun cavabsız qalacağını düşünər? Mənim narahatlığım odur ki, bu adamın liderliyindəki Səudiyyəyə satacağımız silahlar daha sonra rusların və çinlilərin əlinə keçə bilər. Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz strateji baxımdan önəmlidir, amma bunun üçün hər bədəli ödəyəsi deyilik” - Lindsi Qrem xəbərdarlıq edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti