Senatda Azərbaycan qadınları ilə bağlı kitabın təqdimatı olub - FOTO

Senatda Azərbaycan qadınları ilə bağlı kitabın təqdimatı olub -   FOTO
  13 Dekabr 2018    Oxunub:18063
Azərbaycanın İtaliyadakı Səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatının Kitabxanasının “Capitolare” zalında “Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şerlər toplusunun təqdimatı keçirilib.
Səfirlikdən Azvision.az -a verilən xəbərə görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Sando Teti Nəşriyyat Evinin birgə layihəsi olaraq İtaliyada dərc olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan bu kitaba 1200-1991-ci illər arasındakı dövrdə Azərbaycanın qadın şairlərinin şerləri Azərbaycan və italyan dillərində daxil edilib.



Tədbiri giriş sözü ilə açan İtaliya Parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rosanna Boldi Azərbaycanın zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə, eləcə də təqdim olunan kitabın Azərbaycan ədəbiyyatına qadın şairlərin verdiyi töhfələri müşahidə etmək üçün əhəmiyyətindən danışıb. Azərbaycana çoxsaylı səfərləri vaxtı ölkəmizdə qadınların cəmiyyətidəki önəmli rolunun şahidi olduğunu deyən italyan parlamentar təqdim olunan kitabın bunun bariz nümunəsi olduğunu deyib.



Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının Kitabxanasında təşkilinin əhəmiyyətini vurğulayıb, bu xüsusda Senatın rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olduğunu, cari il ərzində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının Sədri Maria Elsabetta Kasellatinin Azərbaycana, ölkəmizin Birinici vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunun bariz nümunəsi olduğunu bildirib.



Bu kimi mədəni tədbirlərin təşkilinin iki ölkənin xalqlarının bir-birinə daha da yaxınlaşdırılması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən M.Əhmədzadə hazırkı tədbirin Azərbaycan qadının milli ədəbiyyatımızla yanaşı, cəmiyyətimizdəki rolunun da göstərilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb, bu günki Azərbaycan qadının ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatının fəal qüvvəsi olmasından danışıb. Diplomat Azərbaycan ədəbiyyatının bəşəriyyətin mədəni irsinə verdiyi töhfələrdən söz açaraq qadın ruhunun ədəbiyyatımızın zənginləşməsindəki rolundan danışıb, eləcə də təqdim olunan kitabdakı bir sıra qadın şairlərin cəmiyyətdəki mövqeyindən, o cümlədən Xurşudbanu Natəvanın Azərbaycanın tarixi torpağı olan Qarabağdakı ictimai fəaliyyətindən bəhs edib.



Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dunyasının ayrılmaz parçası olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi ve mədəni irsinin zənginliyindən soz açıb, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. O, rəhbərlik etdiyi fondun türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsindən ibarət olduğunu bildirərək, fondun gördüyü işlərdən danışıb.



Bu xüsusda, "Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” şerlər toplusunun əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva kitabın ərsəyə gəlməsi və hazırlanması barədə məlumat verib. Azerbaycanın zəngin ədəbi irsinə qadınların verdiyi töhfələr barədə danışan G.Əfəndiyeva qadın sairlərimizin bir coxunun Azərbaycanın tarixi torpağı olan Qarabağda yasayıb-yaratdıqlarını deyib.



Son olaraq çıxış edən “Sandro Teti Nəşriyyat Evi” nin rəhbəri Sandro Teti rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb. Eyni zamanda o, Azərbaycan, ümumilikdə türk mədəniyyətinə rəğbət bəslədiyini və Azərbaycanla bağlı kitabların nəşrinin italiya ictimaiyyətində ölkəmizin mədəniyyətinin daha yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Təqdim olunan kitabın dərc edilməsində məqsədin italyan oxucusuna Azərbaycanın zəngin ədəbiyyatının, Azərbaycan ədəbiyyatına qadınların verdiyi önəmli töhfələrin, eyni zamanda qadınların Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolununun göstərilməsi olduğunu bildirib.



Çıxışlardan sonra tədbirin bədii hissəsi çərçivəsində ilk olaraq ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan “Azərbaycan poeziyasında qadın ruhu” adlı sənədli film nümayiş etdirilib. Ardınca Azərbaycan xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şerlər bədii-musiqili kompozisya formasında təqdim olunub. Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub. İtaliyanın müxtəlif dövlət qurumlarının, o cümlədən parlamentinin, elmi-akademik, mədəniyyət dairələrinin, kütləvi informasiya vasitələrinin, ölkədəki diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbir iştirakçıların böyük marağına səbəb olub, kitab, eləcə də nümayiş olunan film, bədii-musiqili kompozisiya və sərgi ilə bağlı çoxsaylı müsbət rəylər səsləndirilib.



Qeyd olunmalıdır ki, “Azərbaycanın qadın şairlərinin şerləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şerlər toplusu İtaliyada son illərdə Azərbaycanla bağlı dərc olunmuş bir sıra kitablarla birgə bu günlərdə Romanın “La Nuvola” mədəni mərkəzində keçirilən İtaliyanın ən böyük nəşriyyat sərgilərindən olan "Daha çox kitab, daha çox azadıq" kitab yarmarkası çərçivəsində də təqdim olunub.

Azvision.az


Teqlər: İtaliya   Senat   Azərbaycan  





Xəbər lenti