İsrail-İran kəşfiyyat savaşı qızışır

İsrail-İran kəşfiyyat savaşı qızışır
  04 Noyabr 2013    Oxunub:1960
İsrail hökuməti İrana qarşı yeni kəşfiyyat hücumu hazırlayır.
AzVision.az xəbər verir ki, son zamanlar İsrail, Türkiyə, İran üçbucağının əhatə etdiyi məkanda kəşfiyyat savaşı qızışıb. Bir qədər əvvəl Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın İsrailə çalışan iranlı casusların siyahısını Tehrana verməsi iddiası ilə gündəmə gələn mövzu daha da böyüyüb.

Mərkəzi ofisi Londonda yerləşən “əl-Həyat” qəzetinin yazdığına görə, İsrailin baş nazirinin müavini Zeev Elkin bu günlərdə İranla qonşu ölkələrdəki İsrail səfirləri ilə gizli toplantı keçirib. Qəzetin yazdığına görə, toplantıda İrana qarşı kəşfiyyat fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb. İsrail mənbələrinə istinad edən qəzet yazır ki, Zeev Elkin İrana qonşu ölkələrdəki İsrail səfirlərindən Həsən Ruhaninin prezident seçilməsindən sonra İran siyasi həyatında baş verən ciddi siyasi dəyişikliklərin olub olmadığı ilə bağlı təhlilləri dinləyib.

Eyni zamanda bildirilir ki, baş nazirin müavini səfirlərə İranla qonşu 5 ölkə ilə siyasi və iqtisadi sahələrlə təhlükəsizlik sahələri arasında əməkdaşlığı gücləndirməklə bağlı tapşırıq verib. Bundan başqa səfirlərə İrana qonşu ölkələrlə İsrailin ortaq maraqlarının tapılması ilə bağlı sürətli və geniş miqyaslı plan hazırlamalarını da tövsiyə edib. Xəbərdə həmçinin bildirilir ki, səfirlər məruzələrində İranda Həsən Ruhani hakimiyyətə gəldikdən sonra Qərbə münasibətdə siyasətin dəyişdiyini, ancaq rəsmi Tehranın İsraillə bağlı siyasi kursunu dəyişmədiyini qeyd ediblər.

Bu arada İsrailin kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Debka” internet saytı Türkiyə ilə İranın gizli kəşfiyyat müqavilələri imzaladığını iddia edib. Aznews.az saytının məlumatına görə, xəbər portalı iddia edir ki, razılaşma İran xarici işlər naziri Cavad Zərifin Ankara səfəri zamanı əldə edilib: “Türkiyə NATO-nun üzvü olsa da, bu razılaşma çərçivəsində İran ilə əlaqədar kəşfiyyat mövzusunda üçüncü ölkələrdə əməkdaşlıq etməyi dayandırıb. Daha əhəmiyyətlisi, Ərdoğan hökuməti, İranın kəşfiyyat agentlərinin Türkiyə sərhədlərindən geri çağırılmasını istəyib” – saytın məqaləsində belə deyilir.

Xəbərdə əlavə olaraq qeyd edilib ki, bağlanan müqavilənin detalları Türk kəşfiyyat təşkilatı MİT-in başçısı Hakan Fidan ilə İranın Kəşfiyyat nazirinin müavini Xosrov Hüseynian arasında altı həftə davam edən danışıqlarda hazırlanıb.


Teqlər:





Xəbər lenti