AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

  14 Dekabr 2018    Oxunub : 1893
 AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Sərəncamlarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.

Sonra akademik Akif Əlizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “AMEA-ya gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi tədqiqat müəssisələrinə göndərilməsi məqsədilə vəsait ayrılması barədə” Sərəncamı haqqında məlumat verib və bu istiqamətdə müvafiq işlərin görülməsinə dair tapşırıqlarını verib.



Daha sonra Rəyasət Heyəti AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentləri, sintezi, tətbiq sahələri və perspektivlər” mövzusunda məruzəsini dinləyib, müzakirə edərək müxtəlif təyinatlı bioloji aktiv maddələrin sintezi və istehsalı üzrə tədqiqatların davam etdirilməsi və daha da intensivləşdirilməsi üçün Bioloji aktiv maddələr və Mikrobioloji biotexnologiya laboratoriyalarının texniki təchizat bazasının möhkəmləndirilməsi, bu sahədə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsini məqsədəuyğun hesab edib. Bundan başqa, bioloji aktiv maddələrin istehsalının genişləndirilməsi ilə bağlı tapşırıq verilib. Həmçinin göbələk mənşəli yeni bioloji aktiv maddələrin sintezi və tətbiq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq profilli institutları ilə müştərək elmi və praktiki tədqiqatların aparılması tövsiyə olunub.

Müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademiyada elmi jurnalların nəşri məsələsinin Rəyasət Heyətinin diqqət mərkəzində olduğunu, elmi jurnalların fəaliyyətində bir sıra müsbət dəyişikliklər baş verdiyini bildirib. AMEA-nın riyaziyyat, kimya və yer elmləri üzrə on elmi jurnalının ingilis dilində nəşr edildiyini deyən M.Mərdanov iyirmi jurnalın isə internet versiyasının yaradıldığını vurğulayıb. Qeyd edib ki, riyaziyyat və kimya elmləri üzrə nəşr olunan bir çox jurnal “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib və impakt faktorlu jurnal statusu almaq mərhələsindədir.

İclasda Rəyasət Heyəti AMEA-nın müxbir üzvü M.Mərdanovun AMEA-da elmi nəşr işinin vəziyyəti ilə bağlı qeyd etdiklərini nəzərə alaraq, AMEA jurnallarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi səviyyəsinin və aktuallığının yüksəldilməsi, nəşr prosesinin optimallaşdırılması məqsədilə bir sıra sənədlərin təsdiq edilməsi barədə qərar verib. Bundan başqa, akademiyada nəşr olunan elmi jurnalların müntəzəm monitorinqinin aparılması, “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilmiş AMEA jurnallarının redaksiyalarının texniki təminatının yaxşılaşdırılması, redaksiya əməkdaşlarının və rəyçilərin əməyinin maddi stimullaşdırılması üçün maliyyə dəstəyinin göstərilməsi qərara alınıb.

Tədbirdə AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi müzakirə edilib. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bununla bağlı çıxış edərək AMEA-nın elmi reytinqinin yüksəldiyini, alimlərin elmi əsərlərinin və onlara edilən istinadların sayının artdığını deyib. Akademiyada davamlı olaraq alim və mütəxəssislərin elmi araşdırmalarının səmərəliliyinin artırılması üçün silsilə tədbirlərin həyat keçirildiyini vurğulayan idarə rəhbəri onların “Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini diqqətə çatdırıb.

İclasda elmi müəssisə rəhbərlərinə beynəlxalq nüfuzlu jurnallarda nəşriyyat aktivliyinin daha da artırılmasına dair tapşırıq verilib.

Gündəlikdə yer alan növbəti məsələ gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə müsabiqənin respublikada aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə təşkil edildiyini deyib.

Rəyasət Heyəti gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsinin elan edilməsinə dair qərar verib, müsabiqə haqqında əsasnaməni təsdiq edib. Müsabiqədə AMEA ilə yanaşı, respublikanın digər elmi müəssisə və universitetlərində çalışan gənc alimlərin iştirakının təmin edilməsi tapşırılıb.

Rəyasət Heyəti həmçinin “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədi təsdiq edib.

Bildirilib ki, AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.

Sonra “Onkologiya terminləri” lüğətinin nəşri haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada belə bir nəşrin ilk dəfə olaraq hazırlandığını deyib. Akademik lüğətdə onkologiya sahəsi üzrə terminlərin Azərbaycan dilində izahının əks olunduğunu, nəşrin bu sahədə çalışan həkimlər, ali və orta tibb təhsili alan tələbələr üçün faydalı olacağını bildirib.

İclasda akademik Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən hazırlanmış terminoloji lüğətin nəşri məqsədəuyğun hesab edilib.

Sonda kadr məsələlərinə baxılıb. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Azvision.az

Teqlər: AMEA