"Almeydaya qapımız həmişə açıqdır" - Qurban Qurbanov
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Keşlə" ilə cavab oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
Baş məşqçi qışda komandanı tərk edəcək futbolçuların Antalya toplanışında dəqiqləşəcəyini vurğulayıb: "Gedəcək futbolçular barədə məlumat verə bilməyəcəm. Sadəcə olaraq, bəzi oyunçular daha çox oynamaq istəyir. Ola bilər ki, kimsə yaxınlaşıb, getmək istədiyini desin. Bu məsələlərə Antalyada baxacağıq".
O, hazırda Qazaxıstanın "Astana" klubunun formasını geyinən Riçard Almeyda və Pedro Enrikenin "Qarabağ"a dönmələri üçün danışıq aparmadıqlarını qeyd edib: "Riçardla hər hansı danışığımız olmayıb. Ona qapımız həmişə açıqdır. Bunu özünə də demişik. Ona braziliyalı kimi yox, azərbaycanlı kimi baxırıq. Çünki artıq ona Azərbaycan pasportu da verilib".
Q.Qurbanov matç başa çatandan sonra baş hakim İnqilab Məmmədovla aralarındakı dialoqa da toxunub: "Ona böyük hörmətim var, son illər çox sürətlə inkişaf etdi. Söhbət zamanı çox sayda sarı vərəqə göstərməsinə etiraz etdim. Xüsusən də Yakub Jezniçaka göstərilən hər iki vərəqə düz deyildi".
Q.Qurbanov 2018-ci ili özü və komandası üçün düşərli saydığını deyib: "Ölkə çempionu olduq, ardıcıl 5-ci dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandıq. Çətinliklərimiz də oldu. Digər nüanslara görə də siz daha yaxşı qiymət verə bilərsiniz". (Qol.az)
Azvision.az
Teqlər: Qarabağ Qurban-Qurbanov