“Biz istəyirik ki, vətəndaşlar rus dilini də, ingilis dilini də bilsinlər” - İlham Əliyev

   “Biz istəyirik ki, vətəndaşlar rus dilini də, ingilis dilini də bilsinlər” -    İlham Əliyev
  26 Dekabr 2018    Oxunub:9551
"Bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur. Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Ölkə başçısı bildirib ki, hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir: "Mən tez-tez, xüsusən yeni dərs ili ərəfəsində məktəblərdə oluram. Görürəm ki, rus dilində yeni şöbələr yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin hər bir vətəndaşı, ilk növbədə, öz dövlət dilini bilməlidir. Bu cəhətdən bizim Azərbaycanda problem yoxdur. Dövlət dili Azərbaycan dilidir və bütün kargüzarlıq işləri Azərbaycan dilində aparılır. Belə də olmalıdır. Amma rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir. Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var. Çünki siz tamamilə haqlısınız, buraya gələn milyona yaxın rusiyalı, fikrimcə, ilk növbədə, ona görə buraya gəlir ki, özlərini rahat mühitdə hiss edirlər. Bu da çox vacibdir".

Prezident qeyd edib ki, bu səbəbdən rus dilini qorumaq, onun inkişafı üçün daha yaxşı şərait yaratmaq siyasətimiz tamamilə düzgündür və bunun müsbət nəticələrini görürük.

"Rus dilinə hörmət etməklə biz öz dilimizə qətiyyən xələl gətirmirik. Bu, sadəcə, mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafı dünyaya, ilk növbədə, öz qonşularına açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir. Biz son illərdə Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını da yaratmışıq. Həmin filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində aparırlar. Buna görə də mədəni-humanitar sahə, təhsil sahəsi elə bir sahədir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet İttifaqının dağılmasından 27 il ötüb və yeni nəsil yetişib. Biz istəyirik ki, Azərbaycan vətəndaşları rus dilini də, ingilis dilini də və əlbəttə, ilk növbədə, öz ana dilini bilsinlər. Mümkün qədər çox dil bilsinlər və tərcüməçisiz rahat söhbət edə bilsinlər", - deyə ölkə başçısı vurğulayıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti