Xələf Xələfov XİN-ə gəldi, nazir iclas keçirdi
Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün Xələf Xələfova minnətdarlıq bildirilib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.
Daha sonra kollegiya iclasında Xarici İşlər Nazirliyinin cari il ərzində həyata keçirdiyi fəaliyyətin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı fikir mübadiləsi aparılıb və bu xüsusda tədbirlər planı nəzərdən keçirilib.
İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinlərini və idarə rəhbərlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə qarşıdan gələn il ərzində praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətinin irəliləməsi istiqamətində səylərin artırılmasına çağırıb.
Azvision.az
Teqlər: XİN