Karateçilərimiz ili 132 medalla başa vurur
Cari ildə karateçilərimizin rəsmi beynəlxalq yarışlarda, dünya və avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi məsul yarışlarda 29 qızıl, 38 gümüş və 47 bürünc olmaqla 132 medal qazanması diqqətə çatdırlıb.
Fevralda Soçidə avropa çempionatında yeniyetmə və gənclərin rekord nəticə göstərməsi, İrina Zaretska ilə ilk dəfə qadınlar arasında dünya çempionu tituluna da sahib olması, Rafael Ağayevin özünə məxsus olan medal rekordunu yeniləməsi, Sahib Əhədovun para-karate dünya çempionatında ikinciliyi və digər nəticələrə uyğun olaraq karateçilərimizin dünya reytinqində daha üstün mövqelərə yüksəlməsi ilin əhəmiyyətli idman hadisələrindən biri kimi qiymətləndirilib. İlin sonunda milli komandanın əsas üzvlərindən İlahə Qasımovanın mənzillə mükafatlandırılması isə karateçilərimizə verilən qiymətin bir hissəsi kimi dəyərləndirilib.
Çıxış edənlər həmçinin bildiriblər ki, Azad Rəhimov başda olmaqla Gənclər və İdman nazirliyinin, eləcə də federasiyanın baş sponsoru "Smart Scoring" şirkəti və təşkilatın fəaliyyətinə dəstək olan digər qurumlarla birgə səy nəticəsində 2018-ci il Azərbaycan karatesi üçün çox uğurlu illərdən biri olub. Qarşıda Tokio 2020 Olimpiadasına hazırlığın məsul dövrü başlandığını və yeni ildən daha böyük qüvvə ilə çalışmağın vacibliyini nəzərə çatdıran federasiya rəsmiləri, etimadın doğrulması üçün daha çox işlər planlaşdırıldığını söyləyiblər.
Qayğıya görə idmançılar adından təşəkkür edən milli komandanın kapitanı Rafael Ağayev, uğurların qarşıdakı mövsümdə də davam edəcəyinə çalışacaqlarını söyləyib. İlin yekunlarına əsasən baş sponsor tərəfindən müxtəlif yaş qruplarında fərqlənən idmançı və məşqçilərə pul mükafatarı verilib.
Azvision.az
Teqlər: Karate