Bakıya gələn ulduz futbolçunun 10 suala cavabı - MÜSAHİBƏ

   Bakıya gələn ulduz futbolçunun 10 suala cavabı -    MÜSAHİBƏ
  26 Dekabr 2018    Oxunub:13185
Məşhur argentinalı veteran futbolçu Ernan Krespo Bakıya səfəri zamanı azarkeşlərin 10 sualını cavablandırıb.
Azvision.az AFFA-nın rəsmi Feysbuk səhifəsində dərs olunan müsahibəni oxuculara təqdim edir:

- Bir-birindən maraqlı və çılğın derbilərin iştirakçısı olmusunuz: "River Pleyt" - "Boka Xuniors", "Latsio" - "Roma", "İnter" - "Milan", "Çelsi" - "Arsenal". Sizin üçün bunlardan hansını xüsusi adlandırmaq olar?

- Həmçinin Argentina - Braziliya qarşılaşmasını qeyd etmək olar (gülür). Argentinada doğulduğum üçün "River Pleyt" - "Boka Xuniors" derbisinin mənim üçün xüsusi yeri var. Mən bu cəmiyyətdə böyüyüb boya-başa çatdığım üçün hansısa başqa derbinin iştirakçısı olmaq haqqında xəyal qurmamışam. Avropada çıxış etmək arzularım üçün əhəmiyyətli məqam idi və Avropada qeyd olunan bu derbilərin iştirakçısı olmaq mənim üçün böyük qürur mənbəyidi. Amma sözsüz ki, mənə daha yaxın olanı "River" - "Boka"dı.

- Hazırkı Argentina ilə dünya çempionatının finalında son saniyələrdə qələbə üçün penalti qazansaydınız, özünüz vurardınız, yoxsa Lionel Messiyə həvalə edərdiniz?

- Gözəl sualdır. Hipotetik hissəyə keçirik. Adətən, komandalarda penalti vuran oyunçunun kim olduğu əvvəlcədən müəyyənləşdirilir. Amma belə imkanım olsaydı, böyük məmnuniyyətlə özüm vurardım. Çünki mən futbolu çox sevirəm və dünya çempionatları, Çempionlar Liqası, Avropa Liqası və Yay Olimpiya Oyunları kimi böyük tədbirlərin iştirakçısı olmağımdan və orda qol vurmağımdan qürur duyuram. Əslində sualda soruşulan yeganə məsələ finaldı ki, onu heç vaxt oynamamışam. Çünki mümkün bütün digər finallarda oynamışam və hər birində qol vurmağa nail olmuşam. Ona görə də deyilən hipotetik finalda qol müəllifi olmasaydım, bəlkə də, penaltini özüm vurardım.

- Karyeranız boyunca heç vaxt qırmızı vərəqə almamağınızın sirri nədi?

- Bilmirəm. Sadəcə, mən heç vaxt hakimlə bağlı narahat olmamışam. Düzünü desəm, hakimlərlə hansısa münaqişələrimin olduğunu xatırlamıram. Çünki bilirəm ki, heç vaxt qərarını dəyişən deyil. Təbii ki, müəyyən məqamları müzakirə etmək olar, amma yekunda qərar dəyişməyəcək. Ona görə heç vaxt oyunu idarə edən hakimin kim olacağı, onun xasiyyəti digər suallarla maraqlanmamışam. Əsas diqqəti özümə, öz komandama və rəqib komandaya yönəltmişəm.

- Milan şəhərinin hər iki komandasında oynamısınız. "Milan", yoxsa "İnter" karyeranızda əsas rol oynayıb?

- Hər ikisi. Hər birində fərqli və çox yaxşı vaxt keçirmişəm. Bəli, "İnter"də 4, "Milan"da 1 mövsüm oynamışam. Amma "Milan"dakı 1 mövsüm kifayət qədər gərgin və maraqlı olduğundan, sanki bir neçə il orda çıxış etmişəm. Mənim üçün bu, qürurverici amildi. Çünki hər bir oyunçu üçün bu cür möhtəşəm klublarda oyun imkanı qazanmaq böyük göstəricidi.

- Əlinizdə imkan olsaydı, Argentina yığmasının 1998-ci ildəki heyətindən hansı 3 oyunçunu DÇ-2014-ün heyətinə daxil edərdiniz ki, komanda dünya çempionu olsun?

- Əvvəla özümü. Çünki daha bir mundialda oynamaq istərdim. Digərləri Xuan Sebastyan Veron və Qabriel Batistuta. Beləliklə, olacaqdı Batistuta, Krespo, Messi və Veron. Əla!

- 2000-ci ildə "Parma"dan "Latsio"ya 56 milyon avroya keçərək, dünyanın ən bahalı futbolçusu oldunuz. Müasir dövrdə isə futbolçulara bundan 3-4 dəfə çox məbləğlər ödənilir. Hazırda futbol oynasaydınız, transfer qiymətiniz nə qədər olardı?

- Düzünü desəm, heç vaxt buna fikir verməmişəm. Yəni bu, məni heç vaxt maraqlandıran məqam olmayıb. Həmişə fikrimi öz işimi yaxşı görməyə, komandam üçün yaxşı oyun göstərməyə, komandamla titullar qazanmağa yönəltmişəm. Çünki bu qiymətləri yekunda klub prezidenti müəyyənləşdirirdi. Əsas marağım işimi yaxşı görmək, meydançada zövq almaq, məşq etmək, azarkeşlərə, özümə və əməkhaqqımı ödəyən rəhbərə hörmət etmək olub. Diqqətimi də məhz buna yönəltmişəm. Qiymətin qoyulmasına ciddi yanaşmamışam.

- Bakıdakı Avropa Liqasının finalında "Çelsi" və "İnter" qarşılaşsa, hansına azarkeşlik edəcəksiniz?

- Çox maraqlı sualdır. Çətin seçimdir, çox çətindir. Çünki "Çelsi"də 2, "İnter"də 4 mövsüm oynamışam və hər iki klubda mənə çox gözəl münasibət bəsləyiblər. Ona görə çox çətin qərardı. Amma baxmaq üçün çox rahat oyun olardı. Çünki sonda kimi qalib gəlməsindən asılı olmayaraq, sevinərdim. Seçim etməli olsaydım, bu halda "İnter" deyərdim. Çünki 20 ildi bu komanda Avroliqada qalib gəlmir. Düşünürəm ki, bu qələbə İtaliya futbolu üçün böyük uğur olardı.

- Həm Libertadores Kuboku, həm də Çempionlar Liqasının finalında oynamısınız. Sizcə, hansı turnir daha çətin və ciddidi?

- Hər ikisi kifayət qədər çətin turnirdi. Həm ortaya çıxan oyunlar, həm də finala vəsiqə qazanmaq çox çətin olur. Hər birinin öz çətinliyi var. Hansısa birini seçmək mümkün deyil. Təbii ki, hər ikisi çox gərgin və ehtiraslı yarışdı. Libertadores Kuboku uşaq vaxtımdan çox sevdiyim və nə vaxtsa iştirak etməyi arzuladığım turnirdi. Çempionlar Liqasını isə artıq bir qədər böyüdükdən sonra izləməyə və sevməyə başladım. Çünki mən uşaq olanda o hələ Çempionlar Kuboku adlanırdı və Argentinada elə də çox izlənilmirdi. Əsasən final oyunlarına baxılırdı. Peşəkar futbolçuya çevriləndən sonra və Çempionlar Liqasında oynamağa başladıqda təbii ki, orda da qalib gəlmək istəyirdim. Bir daha qeyd edim ki, hər ikisi çox çətin turnirdi və çox şadam ki, hər iki turnirin finalında oynamaq və qol vurmaq imkanına, bacarığına malik olmuşam. Baxmayaraq ki, yekunda birində qalib gələ bildik, digərində isə yox.

- 2005-ci ildə İstanbuldakı final gecəsində "Liverpul"a özünüzün 2-ci, "Milan"ın 3-cü qolunu vurduqdan sonra ağlınızda nələr var idi?

- Böyük sevinc hissi. Çünki uşaq olanda "Milan"ın oyunlarına, Marko van Bastenin "Milan"ına baxırdım və bu komandanın formasında Çempionlar Liqasının finalında oynamaq, 2 qol vura bilmək böyük arzum idi. Düzdü, yekun çox kədərli oldu. Həzm edilməsi çox çətin nəticə idi. Lakin yarışın, bu görüşün səviyyəsinə uyğun hazır olmaq əslində mənim üçün qürur səbəbi idi. Bu finalda qalib gəlmək üçün əlimdən gələni etmişdim. Təəssüf ki, bəzən bu, mümkün olmur və çox böyük əzab verir. Lakin istər peşəkar futbolçu, istərsə də futbolu sevən insan kimi görüşün səviyyəsinə uyğun olduğum anlayışı bu kədəri qəbul etməyə dəstək olurdu.

- Karyeranız boyu vurduğunuz qollardan sizi ən çox həyəcanlandıran və təsir edən hansı olub?

- Müxtəlif komandalarda oynamışam və azarkeşlərlə görüşəndə, danışanda hərəsinin vurğuladığı bir qol olur. Bu, finallarda vurulmayan qol da ola bilər. Xoşbəxtlikdən iştirak etdiyim bütün finallarda qol vurmağa nail olmuşam. Bəzilərində qalib gəlmişik, bəzilərində məğlub olmuşuq. Lakin azarkeşlər üçün sevimli qol seçmək səbəbi müxtəlif ola bilər. Məsələn, o oyuna atası və ya qardaşı ilə birlikdə baxıb və s. kimi. Mən hisslərinə əsaslanaraq, sevimli qol seçən azarkeşlərə böyük hörmətlə yanaşıram. Mənim üçün hər bir qol xüsusidi. Çünki vurduğum hər bir qol göstərdiyim səylərin, çəkdiyim zəhmətin, tez yatmağın, düzgün qidalanmağımın, hər gün məşq etməyimin nəticəsidi. Təbii ki, bəzi qollar digərlərindən daha əhəmiyyətli ola bilər. Lakin onların hər biri mənim geriyə baxdıqda qürur duyduğum karyeramın formalaşmasına töhvə verib.

Azvision.az


Teqlər: Krespo   Futbolçu  





Xəbər lenti