Şef/baş redaktorun uğuru

Şef/baş redaktorun uğuru
  07 Noyabr 2013    Oxunub:1540
Dilman Şahmərdanlı

Bu qədər ziyarətçini haradan qazanmısan, cənab şef/baş Redaktor?
Bu gün böyük fərəh-coşqu ilə saytınızın, qəzetinin ad gününü qeyd edirsən. Başın yaman qarışıqdır, təbrikləri qəbul etmək və onları cavablandırmaqla məşğulsan. Gözlərin sevinclə qaynayır. Mətbuata verdiyin müsahibədə sevinclə vurğulayırsan ki, bu az müddət ərzində “n” qədər ziyarətçi yığmısan ki, bu da hər adama müyəssər olmur və yəqin ki, bu, sizin bacarığınızın, aktivliyinizin, gecə-gündüz demədən çalışmağınızın, bir sözlə xalqımızın xoşbəxtliyi naminə şam kimi əriməyinizin nəticəsidir. Və bu, sizin əlbəttə ki uğurunuzdur. Bəlkə, bu “uğur”un əsl sirrini deyəydiniz. Bəlkə də sən rəqiblərinə örnək olacağınızdan ehtiyatlanmısan.
Bax, indi axşamdır. Kimə gəldi tərif deyənlər çəkiliblər öz xarabalarına. Yaltaqlar yatır. Ancaq sən səhər nə bomba partladacağını fikirləşirsən. Səhər hansı yazı gedə bilər, hansı fotosessiya ilə cavanları hayıl-mayıl eləmək olar?
Bəlkə, bir az da məni dinləyəsən. Burada nə var ki? Belə səhv sözləri arabir eşidirsən, bu da onlardan biri.

Məlumun olsun ki, bir saytın uğur göstəricisi onun çoxlu sayda ziyarətçi toplaması ilə ölçülmür. Əsas olan ziyarətçi toplamaq yox, o ziyarətçini necə və nə ilə toplamaqdır. Doğrudur, ziyarətçi toplamaq da bir uğur sayılır. Yəni, nə yaxşıdır ki, saytın oxucusu (ziyarətçisi) çox olsun. Amma sizin saytın yüksək göstəricisi əsla müsbət inkişafdan xəbər vermir. Siz “məqsəd vasitəyə haqq qazandırır” məntiqini əsas götürmüsünüz. Bir halda ki, bu yanlış məntiqdir. Məqsəd yaxşı olsa da, ona hər nə ilə çatmaq düzgün deyil. Elə bil, siz birinə kömək etmək istəyirsiniz, yetimin son tikəsini əlindən alıb kömək etmək istədiyiniz şəxsə verirsiniz.

Sizin saytınızın bu qədər ziyarətçi toplamasına səbəb sizin də, elə bizim yaxşı bildiyimiz məsələlərdir. Siz hansı taleyüklü milli-mənəvi məsələlər haqqında yazmısınız ki, oxucular saytınızın vurğunu olublar? Hazırda Azərbaycanda reytinq qırmağın nə üstündə köklənməsi kimsəyə gizli deyil.

Sizin saytınızın ziyarətçiləri bilirsinizmi, kimlərdir və niyə bu qədər çoxdur? Yeniyetmələr və gənclər. Niyə? Çünki biz milli faciə astanasındayıq. Biz qorxulu bir keçid dövrünü yaşayırıq, amma bunun fərqinə varanlar azdır, onların da səsini kimsə eşitmir. Çünki cəmiyyəti çığırtı-bağırtı, hay-küy, hay-huy bürüyüb. Səsinin eşidilməsini istəyirsənsə, min-bir gecədə min-bir oyun çıxarmalısan və özü də hökmən bağıra-bağıra danışmalısan. Bunda da biz biçarələrin bəxti yoxdur, cibi boşdur ― kənd yumurtası almağa imkanımız yoxdur. Bu səslə də bağırsan, dəli deyəcəklər.

Gəncliyimizin gələcəyi qaranlıqdır. İndi yeniyetmələr və gənc-oğlan qızlar bilirsinizmi hansı mövzulara maraq göstərirlər? Parnoqrafik şəkillərə və yazılara. Kriminal xəbərlərə və hadisələrə. Sizin saytınız bu qəbil məsələləri işıqlandırmaqdan çəkinmir, özü də elə işıqlandırır ki, həyati xəbər və hadisələrin üzərinə qapqara kölgə salır. Bir halda ki, belə şeylərə yol verilməməlidir. Psixologiyada deyilir ki, qətl-qarət, vəhşilik, erotizm və bu kimi şeylərlə bağlı məsələlər nə qədər geniş və açıqcasına açıqlanar və ictimailəşdirilərsə, bir o qədər cəmiyyətdə həmin məsələlərə qarşı maraq çoxalar.

Siz elə şeylər haqqında xəbər verirsiniz ki, onu eşidən namuslu adamlar gözlərini yumurlar, ürəklərini tuturlar. Misal üçün: ata qızını zorladı, 90 yaşlı qadın zorlandı, qardaş qardaşını baltaladı, filan müğənni büsbütün soyundu, filankəs indiyə kimi “n” qədər enlənib... siz deyin, belə ürəksıxıcı xəbərləri ictimailəşdirməklə siz kimə və nəyə xidmət etdiyinizi düşünürsünüz? Cəmiyyətin tələbidir? Hansı cəmiyyətin? Əxlaq və tərbiyəsini korladığınız cəmiyyətin?! Bunun millətə xeyiri nədir? Bilirsinizmi ki, belə şeylər insanların təhtəlşüuruna təsir edir və bir müddət sonra elə siz çatdırdığınız şəkildə qətl-qarətlər olur, adamlar təzavüzə məruz qalırlar, insanların tərbiyəsi və əxlaqı korlanır.

Doğrudanmı, belə məsələləri dərk etmək bu qədər çətindir, bəlkə açıqlama verəsiniz ki, bəli, bilirik, amma millətin mənliyinin, mənəviyyatının, əxlaq və tərbiyəsinin, bir sözlə, sağlam gələcəyinin qəsdinə durmuşuq. Sanki heç nədən xəbəriniz yoxmuş kimi, tamamilə qanunauyğun və təbii bir hadisə imiş kimi, tamaşaçıları nə yerinə qoymuş kimi, milyonlar qarşısında öz uğurunuzdan danışırsınız.

Hansı uğur? Nə uğur? Necə uğur? Kimin üçün? Nəyin sayəsində? Hansı məqsədlə?


Teqlər:





Xəbər lenti