4000-ə yaxın müəllim üçün seminar keçiriləcək

4000-ə yaxın müəllim üçün seminar keçiriləcək
  07 Yanvar 2019    Oxunub:2448
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 7-dən etibarən bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələlərə başlayıb.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, yanvarın 24-dək davam edəcək seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3715 nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14927 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcək.

Seminar‑məşğələlərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən irəli gələrək istifadə olunacaq cavab vərəqlərinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılır. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.

İmtahan prosesinin daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Azvision.az


Teqlər: DİM   Müəllim  





Xəbər lenti