Mineral Ehtiyatların Hasilatında Şəffaflıq Təşəbbüsü müzakirə edildi

Mineral Ehtiyatların Hasilatında Şəffaflıq Təşəbbüsü müzakirə edildi
  08 Noyabr 2013    Oxunub:2879
MHŞT-nin Azərbaycanda tətbiqinə dair yeni memorandum layihəsinin əsas məqamları razılaşdırılıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli qrupun iclası keçirilib.
Fonddan verilən məlumata görə, iclas zamanı MHŞT-nin Azərbaycanda tətbiqinə dair yeni memorandumun hazırlanması üzrə işçi qrupu tərəfindən 2013-cü ildə Sidneydə keçirilmiş MHŞT üzrə VI Qlobal konfrans çərçivəsində qəbul edilmiş MHŞT Standartına uyğunlaşdırılmış yeni memorandumun layihəsi Çoxtərəfli qrupa təqdim edilib, müzakirələr aparılıb və sənəd üzrə əsas məqamlara dair müvafiq razılıq əldə edilib.

İclasda memorandumun layihəsi üzrə işlərin davam etdirilməsi qərara alınıb.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.


Teqlər:





Xəbər lenti