Polad Bülbüloğlu döyülən uşağın anası ilə görüşdü
Polad Bülbüloğlu bütün azərbaycanlılar adından Tatyana Aqofonovaya göstərdiyi cəsarətə görə təşəkkürünü bildirib: “Əgər bütün insanlar bir-birilərinə qarşı belə hörmətlə və diqqətlə yanaşsaydılar, bu cür hadisələr baş verməzdi. Təəssüflər olsun ki, biz bu gün hələ də milli zəmində baş verən konfliktlərin şahidi oluruq. Bu böyük xoşbəxtlikdir ki, Rusiyada sizin kimi haqqı və ədaləti dəstəkləyən cəsarətli qadınlar var”.
Səfir Rövşən Kazımovun işləri ilə məşğul olacaq vəkilin artıq tutulduğunu söyləyib. Onun sözlərinə görə, baş vermiş məlum hadisə qanun çərçivəsində öz həllini tapmalıdır: “Biz 200 ildən çoxdur ki, bir yerdə yaşayırıq. Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti intellektual əməklə məşğul olur. Onlar arasında tanınmış həkimlər, professorlar, elm adamları var. Bütün bu şəxslər Rusiyanın xeyrinə çalışırlar”.
Diplomat yeniyetmənin anası Ağgün Kazımovaya baş vermiş hadisənin Azərbaycanın Daxili İşlər Nazirliyinin nəzarətində olduğunu, səfirlik tərəfindən bütün yardımların ediləcəyini söyləyib.
A.Kazımova Polad Bülbüloğluna Azərbaycanın Rusiyadakı səfirliyi adından Morozovski xəstəxanasında müalicə alan oğluna göstərdiyi yardım və dəstəyə görə təşəkkürünü bildirib.
Hadisənin şahidi Tatyana Aqofonova hadisəyə etinasız yanaşa bilmədiyini bildirib: “Mən oğlanı görən kimi bildim ki, o tərbiyəli ev uşağıdır. O, çox səliqəli və təmiz görsənirdi. Bundan başqa onun əlil olduğu da nəzərə çarpırdı. Bu hadisə zamanı mən soyuqqanlı davrana bilməzdim. Əminəm ki, mənim yerimdə olan hər hansı bir normal insan da bu cür addım atardı”.
Görüşdə Rövşən Kazımovun işi ilə məşğul olacaq vəkil kontorunun nümayəndələri də iştirak ediblər. Səfir onlara baş vermiş hadisənin Rusiya prezidenti yanında uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi, uşaq ombudsmanı Pavel Astaxovun diqqətində olduğunu bildirib. Səfirin sözlərinə görə, P. Astaxovun adından Rusiyanın baş prokuroru Yuri Çaykaya və daxili işlər naziri Vladimir Kolokoltsevə məlum hadisə ilə bağlı müraciət ünvanlanıb.
Teqlər: