Ötən il korrupsiyaya qarşı görülən işlər - HESABAT (VİDEO)

 Ötən il korrupsiyaya qarşı görülən işlər -  HESABAT (VİDEO)
  15 Yanvar 2019    Oxunub:7940
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Azvision.az xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafa nail olunmuş, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs veriblər.



Hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib. Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılmış, həmçinin 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.



Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb. 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.



Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 %-nin ödənilməsi təmin edilib. Bununla yanaşı, törədilən və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib. Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaşın qəbul edilib. Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.



Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilən müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib. Hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olan 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 14 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib, o cümlədən həmin şirkətlərin rəhbərlərinə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22 və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 25 rəsmi xəbərdarlıq elan edilib, eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib.



Vurğulanıb ki, ötən ildə Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Belə ki, 2018-ci il ərzində Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.



Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilmiş, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib.
Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinib və dövri hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.



Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə rəisi tərəfindən ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 81-ci Plenar İclasında korrupsiyanın qarşısının alınması və aşkar edilməsinə məsul olan dövlət qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Orqanlar Şəbəkəsinə ölkəmizin qoşulması ilə bağlı Bəyannamə imzalanıb. Son illər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən əlverişli məkan olaraq tanınan Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərdən biri kimi respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası Bakı şəhərində təşkil olunub. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdiyi tədbirdə Assosiyasiyanın rəsmi internet səhifəsinin anti-korrupsiya saytının fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilib.



Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən Assosiasiyanın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilib. Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilib. Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb, belə ki, İtaliya və Monqolustan və İran İslam Respublikası kimi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qurulan səmərəli əməkdaşlıq münasibətləri də uğurla davam etdirilib, əməkdaşlıq çərçivəsində Baş İdarə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı və Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.



Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb. Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı Respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutub, ötən dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti-şəhərsalma, qida təhlükəsizliyi və sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb. Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilib.



Mətbuat konfransında çıxış edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılmış, sahibkarlıq və investisiya mühiti daha da yaxşılaşdırılıb və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan “Doing Business”-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə layiq görülüb. K.Cəfərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra edilib. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən icra vəziyyəti 89% müəyyən edilib. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli inteqrasiyasını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid” haqqında Fərman imzalanıb və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilib. Korrupsiyanın qarşısının alınması sahəsində təhsillin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilib. Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilib. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 2018-ci il üçün icrası uğurla təmin edilib. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilib. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb, fəaliyyəti təmin edilib və Maliyyə Monitorinq Xidməti Eqmont qrupa üzv olub. K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın “Qanunverciliyinin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə cari il ərzində yekunlaşacağını bildirib.



Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirib. Mətbuat konfransında cari il yanvarın 11-də Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb. Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Elvin Abdulqədirov
FOTO: Şahin Sərdərov

Azvision.az


Teqlər: Korrupsiya   Hesabat   Kamran-Əliyev   Baş-Prokurorluq  





Xəbər lenti