BDU-da imtahanlar ictimai nəzarət altında keçirilir
İmtahanlara baxış keçiriləndən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri və media nümayəndələrinin Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovla görüşü zamanı imtahanların təşkili və keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, F.Qurbanov universitetdə görülən işlər, yeniliklər barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq yubileyə hazırlıq, tədbirlərin YUNESKO, İSESKO-da qeyd edilməsi, elmi-praktik konfransların, universitetin tarixini əks etdirən müxtəlif nəşrlərin hazırlanması məsələlərindən danışıb.
İctimai şuranın üzvləri və imtahan prosesinə baxış keçirən digər iştirkaçılar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini təqdir edib, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər. Qeyd edək ki, Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yeni tərkibinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan, millət vəkili Sevinc Fətəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “XXI əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Modern.az saytının baş redaktoru Elşad Eyvazlı daxildir.
Azvision.az