Siyasəti meymunluq olan hər şeyi banan görər
Fikir verirsinizmi, radikal qrupun iqtidarla mübarizə cəhdi hər dəfə məhz Azərbaycanla mübarizəyə çevrilir. Ölkə aşağılanır, ölkəyə ləkə yaxılır, ölkəyə zərbə vurulur... Ona görə belə olur ki, iqtidar özünün yürütdüyü siyasətlə dövlət maraqları ilə eyni mövqedə dayanıb, buna görə də onu vurmaq istəyənlərin zərbələri dövlətə dəyir.
Mitinqdən qabaq anti-Azərbaycan şəbəkəsi böyük kampaniya aparmış, hətta xaricdəki erməni lobbisi də prosesə aktiv cəlb olunmuşdu. 2019-cu il Avropa Birliyi ilə Azərbaycan arasında dialoqun intensivləşmə ili olmalıdır, olacaq da! Amma məhz bunu pozmaq üçün Avropa Parlamentində 751 üzvün 30 faizindən az hissəsinin iştirakı ilə ölkəmizin əleyhinə qətnamə müzakirəyə çıxarılır və 1 saatda 22 nəfərin tələm-tələsik nəsə danışması ilə qəbul edilir. Onlara Mehman və blogerin etmədiyi aclıq maraqlı idi? Əlbəttə, yox! Maraqlı olan Azərbaycan-AB əlaqələrinin zədələnməsidir.
Yəni yaradılan tozanaqdan hərə bir cür qazanmaq istəyir. Kiminin qazancı puldur, kimininki Azərbaycana qarşı diplomatik və informasiya savaşında vurulacaq zərbələr. Qazanmaq istəyənlərin bir qismi daxildədir, bir qismi xaricdə. Daxildəki qrupun cəhdlərinin apogeyi isə “Məhsul”dakı mitinq oldu.
...Digər maraqlı məqam REAL sədri İlqar Məmmədovun radikallara qoşulması idi. Həbsdən çıxandan sonra keçirdiyi ilk mətbuat konfransında mitinqləri təqdir eləmədiyini, köhnəlmiş və faydasız saydığını deyən guya intellektual siyasətçi özünü inkar etməli oldu. Nə baş verdi? Çox sadə: O, anladı ki, ya mitinqə getməlidir, ya da pulsuz qalacaq. Çünki ancaq status yazmağa görə qrant vermirlər. Buna görə də, özünü tapdalayıb, vaxtilə haqlı tənqid etdiyi Azərbaycan müxalfətinin çoxdan anoxronizmə çevrilmiş qurumunun – Milli Şuranın,- mitinqinə qatılmalı oldu. Yəqin, tapşırıq belə imiş: Azərbaycan iqtidarı ilə müxalifətinin arasında fərqlər həqiqətən çoxdur və onlardan biri də budur ki, hakimiyyət heç vaxt xaricdən gələn tapşırıqla addım atmır.
Milli Şuranın sədri Cəmil Həsənlinin qatılmadığı mitinq başqa nə ilə yadda qaldı? Heç nə: İllərdir təkrarlanan şüarlar yenə səsləndirildi; Avropaya köçmək istəyənlər yenə “selfi”lər çəkdilər; pulunu qazanan yenə qazandı; bir qrup səmimi və sadəlövh insan yenə aldandı... Bir sözlə, siyasət bazarına kim nə üçün gəlmişdisə, onu da qamarlamağa cəhd etdi. Amma heyif ki, Azərbaycana palçıq atmaq hesabına. Əlbəttə, bununla Azərbaycana heç nə olmur, fəqət hamımız onun övladlarıyıq axı; övladın naxələf çıxması isə həmişə ağrılıdır.
Vüsal Məmmədov
Azvision.az
Teqlər: Mitinq