Azərbaycan mətbəxinin ABŞ-dakı fədaisi - FOTOLAR

 Azərbaycan mətbəxinin ABŞ-dakı fədaisi -    FOTOLAR
  23 Yanvar 2019    Oxunub:6686
Ondan çox müsahibələr götürülüb, haqqında çox yazılıb, çox verilişlər hazırlanıb. Fəqət, onların heç birində bu xanımın gördüyü işin mahiyyəti yetərincə insanlara çatdırılmayıb. Sadəcə görüntü, sadəcə təqdimat. Ürəklə bağlı dilimizdə çox deyimlər var- ürəkli adam, ürəksiz adam, cəsur ürək və s.
Amma çox nadir işlənən bir ifadə də var- dəli ürək. Bü ifadə yalnız fədailərə aid edilir- bir amal, idea uğrunda hər şeyindən keçməyə hazır olan fədailərə. O da fədaidir, Azərbaycan mətbəx mədəniyyətini təmənna güdmədən əcnəbilər arasında təbliğinə özünü həsr edən, dəli ürəkli fədai.



Azərbaycan mətbəxinin təamları haqqında çox kitablar nəşr olunub. Hamısı da bir-birinə bənzəyir, yəni müxtəlif yeməklərin reseptlərindən ibarət. Belə kitablar amerikalı oxucu üçün çox maraqsızdır. Bir dəfə gördüsə, ikinci dəfə əlinə götürməz. Amerikada kulinariya kitablarındakı yemək reseptləri xüsusi təqdimatla yazılır. Hər hansı bir yeməyin resepti verilməmişdən öncə hökmən həmin xörək haqqında bir əfsanə, rəvayət və ya el arasında işlədilən deyim göstərilir. Bu baxımdan, "Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan" kitabı Amerika standartlarına uyğun nəşr edilib. Məsələn, burada cız-bız xörəyinin resepti təqdim olunmamışdan öncə Aleksandr Dümanın "Qafqaza səyahət" kitabından bir nümunə göstərilir. Düma yazır ki, "Azərbaycanın Nuxa şəhərində olarkən cız-bız adlanan xörək sifariş verdim. Bu xörək adətən kasıblar üçün nəzərdə tutulub. Qeyri-adi qoxusu və dadı var. Buralara yolu düşən hər kəsə cız-bız dadmasını tövsiyə edirəm. Çox heyif ki, bunu yazarkən artıq Poti şəhərindəyəm. Burada yeməkxanalarda cız-bız yoxdur".



2014-cu ildə yuxarıda adı göstərilən kitab geniş oxucu kütləsinə təqdim olunandan sonra onu kulinariya ilə bağlı müxtəlif tədbirlərə dəvət edirlər. Həmin tədbirlərin əksəriyyətində Azərbaycan mətbəx mədəniyyəti ilə bağlı məruzələrlə çıxış edir. Milli mətbəximizin gözəllikləri haqqında danışıb amerikalıları məlumatlandırır. İndiyədək 150-yə yaxın bizim mətbəximizlə maraqlanan amerikalıya öz evində xörəklərimizin bişirilmə qaydalarını öyrədib. Evdə yemək dərsləri keçir, mətbəximizin sirlərini onlara aşılayır. Şəxsi mülkü olan, yaşadığı evinin arxasındakı həyətyanı ərazidə yalnız amerikalılardan ibarət tez-tez Azərbaycan mətbəxi və mədəniyyəti gecələri keçirir. Hər dəfə bir neçə xörəyimizin hazırlanma ardıcılığını izah etməklə iştirakçılara nümayiş etdirir, sonra da həmin yeməklər süfrəyə verilir. Sonda tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında rəqs edirlər.



Bütün bunlardan əlavə ötən ildən başlayaraq amerikalıların Azərbaycana "Mətbəx və mədəniyyət" turlarını təşkil edir. Tur iştirakçılarını ölkəmizin bir sıra rayonlarına apararaq müxtəlif kəndlərdə yaşayan az saylı xalqların mətbəxi ilə də tanış edir. Məsələn, 2018-ci ildə keçirilən turun marşurutu belə olub- Bakı-Quba (Xınalıq kəndi, Qırmızı qəsəbə), İsmayıllı ( Lahıc və İvanovka kəndləri), Qəbələ (Nic kəndi), Şəki (Kis kəndi), Qax (İlisu kəndi), Balkən (Mahamalar kəndi). Və iki Qafqaz ölkəsinin mətbəxini müqaisə etməkdən ötrü Gürcüstan respublikası. 2007-ci ildən fəaliyyətdə olan azcookbook.com saytı da var. Orada təşkil etdiyi bütün tədbirlər haqqında məlumat tapmaq olar. Bütün bunlar bir xanımın hobbisi kimi görünə bilər, amma dərindən düşünsək bu, Azərbaycan mətbəxinin təbliğinə böyük xidmətdir.



Sadəcə tərcümeyi hal…Fəridə Sadıqova - Buyuran Bakıda dünyaya gəlib. 1994-cü ildə 5 saylı məktəbdə orta təhsilini başa vurub. 1994-1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində ingilis-fransız dilləri üzrə bakalavr, 1998-2000-ci illərdə magistr dərəcələrinə yiyələnib. 1999-2001-ci illərdə "Azerbaijan International" jurnalında çalışıb. Orada işləyərkən jurnalın Los Anclesdəki baş ofisinə dəvət alaraq bir illik ixtisasartırma kurslarında iştirak edib. Burada Murad Buyuran adlı bir türk gənclə tanış olub. 2002-ci ildə ailə qurduqdan sonra birdəfəlik Los Anclesə köçüb. 2003-2005-ci illərdə Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, "Biznesin idarə edilməsi" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Qızının 15, oğlunun 11 yaşı var. Hər ikisi də azərbaycan, ingilis, rus, türk dillərində sərbəst danışırlar. Atası Rzaqulu Sadıqov fizika-riyaziyyat elmləri doktoru olub. AMEA-nın Fizika-Riyaziyyat İnsitutunda baş elmi işçi işləyib. Anası Firuzə Əliyeva iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Koperasiya Universitetində müəllim işləyir… Bəli, Kaliforniya ştatının Long Beach şəhərində yaşayan Fəridə Sadıxova-Buyuranın xidmətləri çoxdur. Olduqca mehriban, gülərüz, təvəzökar olan bu xanım Azərbaycan mətbəxinin Amerikadakı əsl fədaisidir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti