Azərbaycanın Davosda iştirakı nə verir? – TƏHLİL

  23 Yanvar 2019    Oxunub : 2814
 Azərbaycanın Davosda iştirakı nə verir? – TƏHLİL
Hazırda Davosda növbəti forum davam edir. Orada dünya iqtisadiyyatı üçün hazırda çox vacib sayılan bir çox məqamlara toxunulur, müzakirələr aparılır. Ümumiyyətlə, İsveçrənin Davos şəhərində hər il bu vaxt keçirilən İqtisadi Forum dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən, müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələrinin, eləcə də siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir.
Forum dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirmək və qiymətləndirmək, bir sıra prosesləri dəyərləndirmək, bazarlardakı mövcud durumu dilə gətirmək, təhlillər aparmaq, yaxın və orta perespektiv üçün proqnozlar irəli sürməyə imkan açır. Hər bir ölkənin iqtisadiyyatı dünya iqtisadi sisteminin tərkib hissəsidir. Və heç bir ölkə bu sistemdən təcrid edilmiş vəziyyətdə inkişaf edə bilməz. Odur ki, ölkələrdə həyata keçirilən iqtisadi və maliyyə siyasəti nəzarətdə saxlanılmalı, təhlil olunmalıdır. Bu, xüsusən də böyük ölkələrə aiddir.

Belə ki, dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri həm daxilllərində, həm də öz aralarında yanlış siyasət yürütsələr, bu, mütləq qlobal böhrana və bütün ölkələr üçün mənfi təsirlərə gətirib çıxara bilər. Odur ki, təkrar edirəm, belə görüşlər və tədbirlər olduqca vacibdir. Burada irili-xırdalı, böyük səlahiyyətli və məhdud imkanlı, zəif təsirə malik bütün tərəflər bir araya gəlir. Və bu mənada, deyərdim ki, Davos toplantısının analoqu yoxdur...

Bəs, Azərbaycanın bu forumda iştirakı nə verir? Bunun əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan xırda ölkədir, dünya iqtisadiyyatında cüzi paya sahibdir. Ancaq olduqca mühüm regionda yerləşir və böyük siyasi, iqtisadi nüfuza sahibdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz əhəmiyyətini demək olar ki, bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib. Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir. Belə ki, sözügedən sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsidir, eyni zamanda qeyri-enerji sektorunun inkişaf etdirilməsi və buradan yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala malikdir. Odur ki, ölkəmizə böyük investisiya marağı var.

Dövlət başçımızın bu Forumda iştirakı həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan yaradır, ölkəmizin gələcək inkişafı üçün hər dəfə yeni imkanlar və nəticələr əldə etməyə yol açır. Eyni zamanda, beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləriylə görüşlər keçirilir ki, Azərbaycanda görülən işlər, mövcud iqtisadi durum nəzərə çatdırılır, əməkdaşlıq imkanları, istiqamətləri və perespektivləri müzakirə və müəyyən edilir.

Qeyd edim ki, əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması” olan builki Davos forumunda ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya kimi dünyanın aparıcı ölkələrinin liderləri iştirak etmir. Lakin bu, toplantının əhəmiyyətini heç də azaltmır. ABŞ prezidentinin keçən ildəkindən fərqli olaraq, bu dəfə Davosa gəlməməsi ölkədaxili məsələlərlə əlaqədardır. Həmçinin, Böyük Britaniyanın baş naziri Breksit, Fransa lideri isə daxili siyasi gərginliklə əlaqəli olaraq foruma qatılmadılar. Bununla belə, bütün müzakirələrin məğzində yenə də adları çəkilən ölkələrin özlərinə aid, həmçinin biri-birilərinin arasında olan iqtisadi münasibətlərin son durumu dayanır.

Məsələn, ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatı üçün bir nömrəli problemdir, mövzudur. Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatında gedən proseslər iri ölkələr - xüsusilə də ABŞ ilə Avropa Birliyi və Çin arasında gedən ticarət anlaşılmazlıqları nəticəsində ortaya çıxır. Bunun əsas səbəbkarı isə Ağ Ev administrasiyasının yeritdiyi siyasətdir. Belə ki, bu siyasətin hansı mənfi nəticələrə gətirib çıxaracağı bəlli deyil. Amma konkret olaraq dünya iqtisadiyyatına silkələyə biləcək fövqəladə hadisə hələ ki, baş verməyib.

ABŞ dünya iqtisadiyyatının aparıcı qüvvəsi sayılsa da onun, Çin və Avropa Birliyi ölkələri ilə rəqabətdə və mübarizədə inadkarlıq göstərməsi bumeranq kimi qayıdıb, özünə dəyə bilər. Bu mənada ABŞ özü də ehtiyatlı davranır. Odur ki, Tramp özü iştirak etməsə də, builki Davos görüşündə də əsas söz sahibi məhz o sayılır. Bunu həm də bir fakt şərtləndirir ki, maliyyə bazarlarında son tendensiyalar və bununla bağlı yaranmış vəziyyət, Amerika valyutasının möhkəmləndirilməsi kursu və sair kimi məsələlər ABŞ-sız mümkün deyil.

O ki qaldı ölkəmizə, təkrar edirəm, dünya iqtisadiyyatındakı hazırki meyllər Azərbaycan kimi xırda ölkələr üçün yaxında məhz neftin qiymətindən ehtiyatlanmağı tövsiyə edir. Dünya iqtisadiyyatında artım meyillərinin yavaşıyacağı, ABŞ-da hökumətin yürütdüyü siyasətin təsirlərindən bu ölkənin fond bazarlarında mənfi dinamikanın müşahidə olunacağı, həmçinin məlum ticarət mübahisələri və münaqişələri nəticəsində bir sıra transmilli, o cümlədən tanınmış şirkətlərin istehsal və maliyyə vəziyyətlərinin pisləşəcəyi fonunda bizim üçün ən böyük “silkələyəcəyi” qüvvə məhz bu, ola bilər.

Ona görə də, Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev artıq qeyd edib ki, dünya neft bazarında balansın bir barelə görə 60-70 ABŞ dolları diapazonunda qalması üçün OPEK+ çərçivəsində neft hasilatının azaldılmasına dair razılaşmanın 2019-cu ilin sonunadək uzadılması vacib xarakter daşıyır.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: İlham-Əliyev   Davos-Forumu