Trampın yeni şüarı: “Dua edin”

  23 Yanvar 2019    Oxunub : 1386
 Trampın yeni şüarı: “Dua edin”
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsi ilə bağlı yeni poetik və qafiyəli şüar fikirləşib.
Azvision.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, “Divar ucalacaq və cinayətkarlıq enəcək” adlanan yeni şüarı Tramp özünün rəsmi "Tvitter" səhifəsində açıqlayıb.

O, bununla da elan etmiş olub ki, bundan sonra Respublikaçıların diqqət ayıracağı başlıca hədəflərdən biri Meksika ilə sərhəddə divarın tikilməsinə və bunun üçün Konqressin maliyyə ayırmasına nail olmaqdır.

“Divar ucalacaq və cinayətkarlıq enəcək! Bu, divarların tikintisi başa çatanadək (hazırda tikinti prosesi davam edir) növbəti 2 ildə Respublikaçılar partiyasının başlıca şüarı olacaq. Bu şüardan istifadə edin və dua edin” – Tramp yazıb.

Bu gün yazdığı digər bir tvitdə isə, ABŞ prezidenti ölkəsindəki qarşısı alına bilən cinayətlərə və narkotikaya birdəfəlik son qoymaq istədiyini, sərhəd təhlükəsizliyinin ən vacib məsələlərdən biri olduğunu deyib.



Qeyd edək ki, elə məhz Meksika ilə sərhəddə divar tikilməsi məsələsinə görə yaranan problem üzündən 22 dekabrdan etibarən ABŞ hökumətinin 9 nazirliyi - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. “Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞdövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər. Tramp isə bildirib ki, əgər demokratlar kompromisə gəlməsələr, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edəcək. Onun sözlərinə görə, bu cür rejimdə ABŞ-ın Meksika ilə sərhədindəki “divar çox sürətlə tikiləcək”.

“Şatdaun” nəticəsində federal hökumətin 800 min işçisi maaşsız qalıb. Onlardan 380 mini pulsuz məzuniyyətə göndərilib. Qalan 420 min nəfər isə artıq 26-cı gündür maaşsız işləyirlər və yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra əmək haqqlarını ala biləcəklər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Meksika   Konqress   ABŞ