ABŞ-da Azərbaycan dili kursları açan gənc xanım - FOTOLAR

 ABŞ-da Azərbaycan dili kursları açan gənc xanım -    FOTOLAR
  25 Yanvar 2019    Oxunub:18138
Xalq içində belə bir deyim var - "od parçasıdır". Bu ifadə zirək, heçdən nəsə yarada bilən insanlar haqqında söhbət düşəndə daha çox işlədilir. Haqqında danışacağım Esmira Bayramova da sanki, bir "od parçasıdır". İndiyədək həyata keçirdiyi layihələrin mahiyyətinə varanda heyrətdən gözlərim yaşardı…
O, 1987-ci ildə Borçalı mahalında dünyaya gəlib. Üç yaşında olarkən Bakıya köçüblər. 2005-ci ildə 162 nömrəli məktəbdə orta təhsilini başa vurub, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunub. 2009-cu ildə oranı bitirərək bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "Beynəlxalq biznesin idarə edilməsi" (MBA) fakultəsində davam etdirib, 2011-ci ildə beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb. Eyni zamanda, 2009-cu ildən 2011-ci ilədək Bakı Britaniya, 2011-2013-cü illərdə Bakı Oksford məktəblərində coğrafiya və biznes fənlərini tədris edib. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kursu keçərək, coğrafiya və tarix fənləri və bir il sonra isə İngiltərəyə gedərək online təhsil aldığı Kembric Universitetində imtahanları uğurla verib, biznesin tədrisi üçün müəllimlik sertifikatları alıb. 2013-cü ildə ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinə köçüblər. Həyat yoldaşı Elşən Bayramovla 2012-ci ildə ailə qurub. İki övladları var. Oğlu Elmirin 5, qızı Emanın 2 yaşı var. Elmir azərbaycan dilində sərbəst danışa bilir. Elşən Bayramov ağır texnikaların satışı ilə məşğul olan şirkətlərin birində satış mütəxəsisi işləyir. Oğlu körpə olduğundan bir il heç yerdə işləməyib. 2014-cü ildə Florida ştatının Mayami şəhərinə köçənədək Çikaqoda "İlkin Tədris Akademiyası"nda məktəbəqədər hazırlıq bölməsində müəllim işləyib. 2015-ci ildə Florida ştatının dövlət imtahanlarını verərək, daşınmaz əmlak üzrə mütəxəsis işləmək hüququ qazanıb. Elə həmin vaxtdan da Mayami şəhərində dünya şöhrətli "RE-MAX" şirkətində daşınmaz əmlak üzrə mütəxəsis vəzifəsində çalışır.



Yaşının az olmasına baxmayaraq, Azərbaycanla bağlı çox işlər görüb. 2015-ci ildə Facebook-da "Florida azəzrbaycanlıları" qrupu yaradaraq, həmin ştatda yaşayan soydaşlarımızı bir araya gətirməyə başlayıb. Onları birləşdirməkdən ötrü cəhdləri uğurla nəticələnib. Bir qədər sonra, ictimai əsaslarla "Florida-Azərbaycan Cəmiyyəti"ni yaradaraq müxtəlif tədbirlər keçirməyə başlayıb. Ətrafına həmfikirlərini yığandan sonra, rəsmi müraciət edərək "Florida azərbaycanlıları" təşkilatını təsis edib. Bu təşkilat milli və rəsmi bayramlarımızda, özəl günlərdə bir sıra tədbirin keçiriləməsinə nail olub. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərməkdən ötrü "GoFundMe" yardım fondu yaradaraq digər soydaşlarımızın köməyi ilə xeyli pul toplayır və yığılan maddi vəsaitlə həm cənazəni yola salırlar, həm də mərhumun ailəsinə yardım edirlər. Hətta bəzi soydaşlarımız bu dəstək kampaniyasının davamı olaraq həmin ailəyə fərdi yardımlar edib…



Öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü yerdə müxtəlif kurslar açıb. Burada fəaliyyət göstərən rəqs kursları məşqçisinin məvacibini ödəməkdən ötrü ödənişli olsa da, Azərbaycan dili kursları tamamilə ödənişsizdir. Bu kursu şəxsən özü aparır, azərbaycanlı fidanlara ana dilimizi öyrədir. Amma kurslara az uşağın qatılmağından şikayət edir. Bir çox rus dilli azərbaycanlı valideynlər uşaqlarının ana dilimizi öyrənməsində maraqlı deyillər. Esmira Bayramova: "Bir azərbaycanlı rəfiqəm var, 20 ildən çoxdur ki, ABŞ-da, Çikaqo şəhərində yaşayır. Bu yaxınlarda uşaqları ilə bərabər Mayamiyə istirahətə gəlmişdilər. Onun ABŞ-da anadan olmuş 17 yaşlı oğlu gözləmədiyim halda mənimlə türkcə danışmağa başladı. Çox təəccübləndim, çünki bu uşağı sönuncu dəfə mən görəndə 12 yaşı var idi. Yalnız ingiliscə danışırdı. Heyrətlə soruşdum, necə oldu ki, sən qısa müddətdə türk dilini belə mükəmməl öyrənə bildin və niyə Azərbaycan türkcəsində deyil, Türkiyə türkcəsində danışırsan? Bu azərbaycanlı uşağın cavabından çox təsirləndim və məni düşünməyə vadar etdi. O, dedi ki, "Türk dilini ona görə seçdim ki, indiyədək gördüyüm azərbaycanlılar məni buna vadar elədi. Azərbaycanlılar qədər öz dilinə hörmətsiz yanaşan millət yoxdur. Bir araya gələndə rusca danışmağa başlayırlar. Sanki ana dilində danışmağa utanırlar. Ona görə Azərbaycan dilini öyrənmək üçün həvəsdən düşdüm. Dil insanın kimliyidir, əgər sən öz ana dilində danışmağı bacarmırsansa, kimliyin də naməlumdur. Amma türklər belə deyil, harada yaşasalar da, öz ana dilini qoruyurlar. Bu dildə danışmaqdan qürur duyurlar. Uşaqları bu dili mükəmməl bilsinlər deyə, Çikaqoda pulsuz dil kursları açıblar. Düşündüm ki, türk dilini tez öyrənmək şansım var. Və mən həmin kurslardan birinə gedib, çox rahatlıqla bu dili öyrəndim""…



Bəli, Esmira xanımın ürəyi Azərbaycanla döyünür. Keçirdiyi tədbirlərə görə ona təkcə "sağ ol" yox, həm də ehtiram düşür. Bəzən biz dəyər verə bilmədiyimiz soydaşlarımıza bizdən irəlidə olan ölkələrin insnları yüksək qiymət verir. Söhbətimi bitirmzdən öncə Esmira Bayramovanın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin birində iştirak edən, azərbaycanlıların daha sıx məskunlaşdığı Floridanın Sunny isles beach şəhərinin vitse-meri Danna Goldman xanımın sözlərini nəzərinizə çatdırmaq istəyirəm-"Şəhərimiz fərqli mədəniyyətlərin qovuşduğu bir yerdir və bu mədəniyyətlərin arasında Azərbaycan mədəniyyətinin də yeri var. Öz milli kimliyinizi, adət və ənənələrinizi bu rəngarəng mədəniyyətlərin arasında çox gözəl qoruyub saxlaya bilmisiz. Burada masaların üstündə ölkənizin bayraqlarını görürəm. Bu məni çox sevindirir. Sizə təşəkkür edirəm"…



...Bütün bunlar Esmira xanımın gördüyü işlərin bir hissəsidir. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Həmin gün "Xocalı Amerikada yaşayan uşaqların gözü ilə" adlı tədbir keçirməyi planlaşdırır. İnanırıq ki, bu tədbir də Amerikanın azərbaycanlı uşaqlarının yaddaşında böyük iz buraxacaq. Söhbətimin əvvəlində onu "od parçası" adlandırmışdım. Bəlkə də o, bir zamanlar Gürcüstan Ali Sovetinin deputatı olmuş, ata nənəsi Güləsər Mustafayevaya çəkib. O vaxtlar Güləsər xanım qonşu ölkədə yaşayan azərbaycanlıları təmsil edib. Bəli, bu gün Esmira Bayramova nənəsinin müqəddəs missiyasını uzaq Florida ştatında ləyaqətlə davam etdirir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Azvision.az



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti