Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
  25 Yanvar 2019    Oxunub:2423
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Azvision.az xəbər verir ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, icbari tibbi sığortanın tətbiqi mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin sədri qeyd edib ki, bir ilə yaxındır, muxtar respublikada bu işə başlanılıb: "Sədərək rayonunda icbari tibbi sığorta tam tətbiq olunur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilməli, digər rayonlarında da icbari tibbi sığorta tətbiq olunmalıdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Şərur rayonunda həyata keçirilən tədbirlər, uşaq xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə imkan verəcəkdir".

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Onun sözlərinə görə, fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

"Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib. Şərur rayonunda da bu sahədə tədbirlər görülüb, mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Xəstəxananın laboratoriya şöbəsi yenidən qurulub, tibbi avadanlıq və cihazlarla təmin olunub. Yeni narkoz və süni tənəffüs aparatı alınıb, yenidoğulmuşlara göstərilən tibbi xidmətin
yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasında və Uşaq Xəstəxanasında nümunəvi informasiya sistemi istifadəyə verilib".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Agentliyin direktoru qeyd edib ki, Şərur rayonunda da icbari tibbi sığortanın
tətbiqi üçün hərtərəfli şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər barədə aidiyyəti üzrə məlumat veriblər.

Müşavirədə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Sığorta   Tibb  





Xəbər lenti