Azərbaycan elminə ağır itki üz verib
Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işində yaxından iştirak edir. O, 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeoloji-etnoqrafik qrupunun rəhbəri, İnstitutun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyanın rəisi olub. Onun rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiya respublikanın şimal-qərb bölgəsində tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid çoxlu sayda abidələr aşkar edib, bölgənin etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb.
Mərhum tədqiqatçının dəyəri ölçüyə gəlməyən unikal tapıntıların aşkar edilməsində, Şəki rayonu Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olub.
Azərbaycanın şimal-şərq bölgəsindəki aparılmış arxeoloji tədqiqatlar barədə çoxsaylı elmi məqalələrin, “Qalayeri-daş” monoqrafiyasının müəllifi olan Nəsib Muxtarov 2015-ci il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində xüsusi diplomla təltif edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum arxeoloq Nəsib Muxtarovun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan Nəsib Mirsaleh oğlu Muxtarovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.
Mərhum tədqiqatçı, tanınmış ziyalı bu gün yanvarın 25-də, saat 16:00-da Şəki şəhər qəbiristanlığında dəfn olunacaqdır.
Allah rəhmət eləsin!
Azvision.az