ABŞ Suriyaya 600 dəniz piyadası göndərib

 ABŞ Suriyaya 600 dəniz piyadası göndərib
  28 Yanvar 2019    Oxunub:1982
Suriyadakı qoşunlarının təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün ABŞ-ın göndərdiyi əlavə hərbçilər - 600 dəniz piyadası artıq Suriyadadır.

Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni gələn amerikalı əsgərlər Fərat çayının şərqindəki Hərab İşq və Sırrin aviabazalarında yerləşdiriliblər.
Qeyd olunub ki, 600 amerikalı dəniz piyadası daha sonra qruplar şəklində ABŞ-ın Suriyadakı 18 hərbi bazasına göndəriləcək. Hərab İşq və Sırrin aviabazaları isə ABŞ qoşunlarının Suriyadan çıxması üçün əsas təxliyyə mərkəzi kimi istifadə ediləcək. Hasəkə rayonunun şimal-şərqindəki Rumeyla və şimalındakı Təl-Beydər hərbi bazaları isə ağır hərbi texnika və materialların hava yolu ilə çıxarılmasında istifadə olunacaq.

Xatırladaq ki, 2 həftə əvvəl ABŞ hərbi dəniz qüvvələri Suriyadakı qoşunların təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün Suriyanın Aralıq dənizi sahillərinə yüzlərlə dəniz piyadası, helikopterlər və digər hərbi aviatexnikadan ibarət “Kearsarge” desant gəmisini göndərmişdi. ABŞ hərbçilərinin təhlükəsizliyi baxımından Suriyadakı qoşunların təxliyyə planı və marşrutu barədə məlumat gizli saxlanılır. Lakin xarici KİV-lər yazır ki, ABŞ Suriyadakı qoşunlarının bir hissəsini İranın qarşısını almaq üçün Suriyanın cənubundakı Ət-Tanfa hərbi bazasında saxlayacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   İraq   ABŞ  





Xəbər lenti