BMT məruzəçisi Kaşoqi cinayətini araşdırmaq üçün Ankaraya gəldi

BMT məruzəçisi Kaşoqi cinayətini araşdırmaq üçün Ankaraya gəldi
  28 Yanvar 2019    Oxunub:2118
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məhkəmə icraatından kənar və ixtiyari edam məsələləri üzrə xüsusi məruzəçisi, səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar beynəlxalq araşdırmaya rəhbərlik edəcək Aqnes Kallamar danışıqlar aparmaq üçün Türkiyəyə gəlib.
Azvision.az “TRT”yə istinadən xəbər verir ki, Kallamar Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.

Bundan əvvəl “Reuters”ə verdiyi açıqlamada BMT-nin xüsusi məruzəçisi bildirmişdi ki, Kaşoqinin qətlini araşdırmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna giriş və Səudiyyənin Türkiyədəki səfiri ilə görüşməyi, həmçinin, Ər-Riyadda da oxşar görüşlər keçirməyi tələb edib. Lakin Kaşoqi cinayəti üzrə başladılacaq beynəlxalq istintaq prosesi barədə məlumat verməyib.

Qeyd edək ki, Kallamar istintaq zamanı əldə edəcəyi sübutları və istintaq prosesi ilə bağlı tövsiyyələrini hesabat formasında BMT İnsan Hüquqları Şurasının iyunda keçiriləcək iclasında təqdim edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   BMT  





Xəbər lenti