ABŞ 32 illik strateji müqavilədə iştirakını dayandırır

ABŞ 32 illik strateji müqavilədə iştirakını dayandırır
  29 Yanvar 2019    Oxunub:2563
ABŞ “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədə iştirakını bu həftə sonu dayandırmağı planlaşdırır.

Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” Ağ Evdəki mənbəsinə istinadən məlumat yayıb.
Adının çəkilməsini istəməyən amerikalı rəsmi bildirib ki, əgər 2 fevraladək Rusiya özünün “9M729” yer tipli qanadlı raketlərini və müvafiq avadanlıq və raket-buraxılış qurğularını məhv etməsə, onda Vaşinqton “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədəki öhdəliklərinin icrasını dayandıracaq.

Lakin mənbə, həftəsonu ABŞ-ın eyni zamanda “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən birdəfəlik çıxdığını elan edib-etməyəcəyinə aydınlıq gətirməyib.

Xatırladaq ki, ötən ilin 20 oktyabrında ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Ötən ilin 4 dekabrında isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyə bilər. Çünki Rusiyanın qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığa daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region Avropa olacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Raket   Rusiya   ABŞ   Avropa   NATO  





Xəbər lenti