Tramp demokratların təklifini qəbul etdi

 Tramp demokratların təklifini qəbul etdi
  29 Yanvar 2019    Oxunub:2993
ABŞ prezidenti Donald Tramp Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təklifini qəbul edərək, 5 fevralda Konqressdə “Ölkənin vəziyyəti” haqqında illik müraciətlə çıxış etməyə razılıq verib.
Azvision.az xəbər verir ki, Ağ Ev bu barədə Trampın bəyanatını yayıb.

“Nümayəndələr Palatasının hörmətli spikeri, fevralın 5-də Konqressin hər iki palatasına “Ölkənin vəziyyəti” haqqında illik müraciətlə çıxış etmək təklifinizə görə təşəkkürümü bildirirəm. Onu qəbul etmək mənim üçün şərəfdir. Bizim sizə söyləyəcəyimiz gözəl şeylər və eləcə də, qarşıda yerinə yetirməli olduğumuz çoxlu vəzifələrimiz var. 5 fevralda sizinlə görüşü səbirsizliklə gözləyirəm”, – Tramp bəyanatında vurğulayıb.

Qeyd edək ki, əvvəlcə Trampın Konqressdəki illik çıxışı 29 yanvara təyin olunmuşdu. Lakin büdcə böhranı səbəbindən federal hökumətin fəaliyyətinin qismən dayanması – “şatdaun” prosesinə görə Pelosi prezidentin Konqressdə çıxış planlarına maneə yaradacağını və onun belə bir haqqa sahib olmadığını demişdi. Tramp isə əvəzində bəyan etmişdi ki, “şatdaun” prosesi bitməyənədək, “Ölkənin vəziyyəti” haqqında Konqresdəki illik müraciətini təxirə salacaq. Amma ötən həftəsonu respublikaçılarla demokratlar arasında əldə olunan razılıqdan sonra Tramp 15 fevraladək ABŞ-ın müvəqqəti dövlət büdcəsinin qəbulu haqqında qanunu imzalayıb. Trampın demokratlar qarşısında geri çəkilməsi nəticəsində ABŞ-da federal hökumətin işi tam bərpa olunub.

ABŞ prezidentləri ildə bir dəfə "Ölkənin vəziyyəti" haqqında Konqressə ənənəvi müraciətlə çıxış edirlər. Bu çıxışlarında prezidentlər ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə aparır və gələcək qanunverici təşəbbüsləri barədə məlumat verirlər. Bir qayda olaraq, ABŞ prezidentləri Konqresə illik müraciəti yanvar ayında edirlər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Konqress   ABŞ  





Xəbər lenti