“AVRO-2020”yə 500 gün qaldı - Biletlər nə vaxt satılacaq?

  29 Yanvar 2019    Oxunub : 1606
“AVRO-2020”yə 500 gün qaldı - Biletlər nə vaxt satılacaq?
Bu gün ən böyük Avropa turnirinin başlamasına 500 gün qaldı.
Azvision.az xəbər verir ki, bu barədə AFFA-nın saytına yer alan məqalədə bildirlib.

Qeyd olunub ki, bu əlamətdar çempionatın 60-cı ildönümünü qeyd etmək üçün Bakı turnirin final mərhələsinin 4 oyununu keçirməkdən qürur duyur: A qrupunda 3 oyun (13, 17, 21 iyun) və bir 1/4 final oyunu (4 iyul). Oyunların hamısı Azərbaycanın ən böyük stadionunda, 68.700 nəfər azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək. Bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır.

Məqalədə diqqətə çatdırılıb ki, Avropa Çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul etdi.

O zaman UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Gianni İnfantino bu qərarı belə şərh etmişdi: “Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik”.

2020-ci ildə Avropa Çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək. Avro 2020-nin seçmə mərhələsi 2019-cu ilin martından noyabrına qədər olan müddəti əhatə edəcək və növbəti mərhələyə 20 komanda yüksələcək. Digər 4 yeri play-off oyunları 2020-ci ilin martında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasından çıxacaq komandalar tutacaq.

UEFA üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. 5 qrupda 5 komanda və 5 qrupda 6 komanda yer alıb və hər qrupdan ən yaxşı 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Azvision.az

Teqlər: AFFA   Avropa   Çempionat